Məzmuna keç

Ramiz Rzayev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinə Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verdi

Ramiz Rzayev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinə Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verdi

İyulun 16-da ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, görüşdə R.Rzayev Azərbaycanın Məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat verib.

R.Rzayev son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə içgüzar əlaqələrinin yaranmasından razılıq ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirib ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanan Müvafiq Müqavilələr ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edir.

Səudiyyə Ərəbistanı Krallığının məhkəmə sistemi haqqında ətraflı danışan Ədliyyə naziri Valid bin Məhəmməd Əl-Səmaani iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib.

Qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Görüçdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının qonaqları Ali Məhkəmənin inzibati binası ilə tanış olublar. Məhkəmə tarixi muzeyinə baxan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib, işlərində uğurlar arzulayıb.