Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Muradovla O.Məmmədovun hər biri 13 il 6 ay və Ş.Həsənov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, həmin şəxslər bu il mart ayında Bakı şəhər sakini Gülxarə Əhmədovanın evinə basqın edib, qadına fiziki güc tətbiq ediblər. Daha sonra Ə.Muradov, O.Məmmədov və Ş.Həsənov G.Əhmədovaya bədən xəsarətləri yetirərək, onun mənzildən 11 min 376 manat pulu quldurluq yolu ilə ələ keçiriblər.
Elan olunmuş ittiham üzrə Ə.Muradovla O.Məmmədov özünü qismən təqsirli bilib. Ş.Həsənov isə özünü təqsirli bilməyib.
Onların barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə) maddəsi ilə ittiham irəli sürülüb.
