Məzmuna keç

Deputat: “Bir çox problemlərin məhkəməyə gedib çıxmaması üçün çalışmaq lazımdır”

“Kommersiya məhkəmələri sahibkarların problemlərinin həllində çox böyük rol oynayacaq”

“Kommersiya məhkəmələri sahibkarların üzləşdikləri problemlərin həllində çox böyük rol oynayacaq”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O, ölkədə sahibkarlığın inkişaf etdiyi bir zamanda bu cür məhkəmələrin yaradılmasını müsbət hal kimi qiymətləndirib: “Bu gün Azərbaycanda sahibkarlıq cox ciddi şəkildə inkişaf etdirilib. Ümumdaxili məhsulun 70 faizdən çoxu özəl sektor tərəfindən istehsal olunur. Belə bir şəraitdə sahibkar-dövlət münasibətlərində yaranan mübahisələrin daha keyfiyyətli və daha hərtərəfli həlli üçün ixtisaslaşmış məhkəmələrə ehtiyac duyulurdu. Ona görə də belə bir məhkəmənin yaradılmasını çox müsbət qiymətləndirirəm. Bu təcrübə digər inkişaf etmiş ölkələrdə də çox uğurla tətbiq olunur. İnkişaf etmiş ölkələrdə bütövlükdə sahibkarların mübahisələrinə baxmaq üçün ixtisaslaşmış məhkəmələr mövcuddur. İxtisaslaşmış məhkəmələrdə daha dərin biliklərə sahib hakimlər baxır bu işlərə. Bu baxımdan Azərbaycanda da kommersiya məhkəmələrinin yaradılması çox ciddi addımdır. Bununla da sahibkarların mənafeyinin daha yaxşı qorunması təmin olunacaq. İqtisadiyyatımızın indiki mərhələsində kommersiya məhkəmələri sahibkarların qarşısına çıxan problemlərin həllinə çox ciddi dəstək olacaq”.

T.Mirkişili digər sahələrdə də ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı səslənən təkliflərə münasibət bildirib. Deputatın sözlərinə görə, problemlərin məhkəməyə qədər gedib çıxmadan həlli yollarını araşdırmaq lazımdır.

“Məncə, bu gün yaranan bir çox problemlərin məhkəməyə qədər gedib çıxmasına imkan verməməyə çalışmaq lazımdır. Çünki məhkəmə son addımdır, qərar verən orqandır. Xüsusən də sosial məsələlərlə bağlı problemləri məhkəmə olmadan da həll etmək olar. Sosial məsələlərlə bağlı dövlətin uzun illərdir formalaşan təcrübəsi var. İlk növbədə bu problemlərin səbəbləri araşdırılmalı və onların həlli yolları tapılmalıdır”, – deyə deputat qeyd edib.