Məzmuna keç

“Zeytun bağları”nda qonşusunu öldürən keçmiş məhkuma hökm oxundu

"Zeytun bağları"nda qonşusunu öldürən keçmiş məhkuma hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.

Hadisə yerindən qaçan D.Abuzərov daha sonra saxlanılıb.

Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib. Cinayət işində adıçəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.

Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan D.Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib. O, 11 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azadlığa çıxıb.