Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əli İsmayılov, Amil Məmmədli və Çingiz Xankişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, oğurluq hadisəsi bu ilin aprelində paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birində baş verib. Obyektə daxil olan şəxslər seyfləri qıraraq oradan külli miqdarda pul aparıblar.
Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Ə.İsmayılov, A.Məmmədli və Siyəzən rayon sakini Ç.Xankişiyev saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi – Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar.
Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub.
Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib. A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.
Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər. Dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib.
