Bir neçə gün öncə "Human Rights Watch” təşkilatı Azərbaycanda erməni əsirləri ilə pis rəftar halları barədə iddialara dolu məruzə yayımlayıb. 43 ildir beynəlxalq səviyyədə insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan Nobel ödüllü bir qeyri-hökumət təşkilatı üçün araşdırmasız, yoxlamadan, heç bir hüquq qaydasını rəhbər tutmadan yalnız siyasi sifarişlə hesabat yaymaq insan hüquqlarının müdafiəsi adına utancdır.
Beynəlxalq humanitar hüquqa görə müharibədə ələ keçirilən düşmən hərbçisi əsir hesab olunur. Azərbaycanla Ermənistan arasında müharibə 2020-ci ilin 10 noyabrında, Ermənistanın kapitulyasiya bəyanatına imza atması ilə başa çatıb. 44 günlük müharibə başa çatdıqdan sonra, Azərbaycanın öz ərazisində teror və təxribat törətməyə cəhd edən, hətta bu məqsədlə Azərbaycan vətəndaşlarını qətlə yetirən xarici vətəndaş tutulursa bu əsir sayıla bilərmi? Məsələn, hər il Azərbaycan xeyli sayda əcnəbi vətəndaş narkotika ticarətinə görə saxlanılaraq məsuliyyətə cəlb edir, HRW-un məntiqi ilə həmin şəxslər əsir götürülmüşlərmi? Elə isə illərlə Ermənistan tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan Dilqəm Əskərov və Şahbaz Quliyevlə bağlı HRW niyə susurdu?
Digər vacib bir məqam, HRW iddia etdiyi "əsirlərin" saxlandığı hansı həbsxanaya baş çəkib? Saxlanma şəraitindən narazı olan, işgəncə görən hansı əsirlə danışıb? Elə isə "at havaya, düşsün tavaya" təfəkkürü ilə beynəlxlaq hesabat hazırlayıb qarayaxma kampaniyası başlatmaq hüquqidirmi?
Erməni işğalının nəticəsi olaraq bu ölkədə illərlə çadırlarda vərəmləyib ölən, hələ də yataqxanalarda, məktəblərdə sığınıb yaşayanların hüquqları hüquq deyilmi? HRW bu barədə niyə bircə dəfə narahatlıq ifadə etməyib? Bəlkə HRW "standartlarına" əsasən onlar insan hesab olunmur?
Erməni 30 il ərzində Azərbaycanda azyaşlı uşaqları tələyə salıb məhv etmək üçün çaylarla bombalı oyuncaq axıdanda, yaxud körpələri valideyninin qucağındaca snayperlə vuranda, yaxud elə 44 günlük müharibədə öz uşaqlarını döyüşlərə cəlb edəndə HRW niyə susurdu? Bir cavabı var, çünki, hədəf Azərbaycan idi. Sual oluna bilər, təşkilat Azərbaycana qarşı niyə qərəzli olsun ki? Səbəb çox sadədir. Bu təşkilat üçün insan amili, insan hüququ sonuncu meyardır. Son 25 ildə HRW üçün pulu kim verirsə mahnını da o sifariş edir. İsbatı çox sadə. HRW-ın maliyyə mənbələrinə baxaq, 75 faizə qədəri Şimali Amerika, 25 faizə yaxını Qərbi Avropa, cüzi hissə də digər dövlətlərdən gələn ianələr hesabına formalaşır. Şimali Amerika və Qərbi Avropa erməni diasporunun siyasi mühitə təsir imkanının böyük olduğu bölgələrdir, təbii ki, az qala büdcəsinin tam hissəsini ianə adı altında həmin regiondakı güclərin hesabına formalaşdırması təşkilatın fəaliyyət istiqamətində həlledici rol oynayır. Bundan başqa, milyarder Corc Soros HRW tarixində 100 milyon dollarla ən böyük ianə ödəyicisidir. Sorosun Ermənistanda siyasi hakimiyyəti ələ keçirməsi sirr deyil. 44 günlük müharibədəki rəzil məğlubiyyət heç şübhəsiz ki, eyni zamanda Soros maraqlarının məğlubiyyəti idi. Belə olan halda Sorosdan, Sorosun təsir imkanlarına malik regionlardan, eləcə də Erməni diasporundan "ianə" adı altında qidalanan bir təşkilatın sağlam və vicdanlı mövqe nümayiş etdirməsi mümkünsüzdür. "İanə" ifadəsinə diqqəti əbəs yerə çəkmədim. Ümumiyyətlə hüquqda aydın bir yanaşma var, şəxs səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, maddi və sair neməti alması qəbul etməsi artıq ianə yox rüşvətdir. İanə əvəzsiz, dəstək məqsədi ilə könüllü ödəmədir. Sorosun HRW-a təsir imkanı yaratmış, təşkilatı yönləndirən 100 milyonluq məqsədli ödənişi isə əlbət ki, ianə ola bilməz. Bir sözlə, görünən odur ki, Human Rights Watch insan hüquqlarının müdafiəsi kimi ali idealların müdafiəsi ilə nəinki məşğul olmur, əksinə, bu təşkilat ali ideallar adı altında reket fəaliyyəti ilə məşğuldur.
Maraqlıdır ki, HRW-ın ardınca Avropa Parlamenti də heç bir yoxlama, heç bir araşdırma aparmadan Human Rights Watch-un rəyi əsasında Azərbaycanı "bütün "erməni məhbusları" azadlığa buraxmağa çağırır. Bu siyasi ləyaqətsizlikdir. Avropa Parlamenti Birinci Qarabağ müharibəsindən sonra, 30 ildir əsir və girovluqda saxlanan 70-dən çoxu uşaq, 300-ə yaxın qadın, 300-dən çoxu yaşlılar olmaqla taleyi Ermənistan tərəfindən gizlədilən 4000 azərbaycanlı barədə niyə səsini çıxarmır? Avropa Parlamenti 30 illik işğala niyə susurdu? Ümumiyyətlə Avropa Parlamenti Azərbaycanın Beynəlxlaq hüquqla tanınmış ərazilərində yad ölkənin silahlı dəstələrinin mövcudluğunu niyə mümkün sayaraq müdafiə edir? Bu terrorçuluğa açıq dəstək deyilmi? Baxın reallıq budur. Ona görə də ayıq olmalıyıq, kənardan insan hüquqları, demokratiya dərsi keçənlərə meydan vermək, onların sözünə qüvvət vermək, zəhərli dillərinə inanmaq tam mənada vətənə xəyanətdir.
Bu ölkə üçün doğru yol İlham Əliyevin yoludur, bunu 44 günlük müharibədən tutmuş zəfər sonrası qərb "demokrat"larının Azərbaycana hücumuna qədər bütün nüanslar dəfələrlə sübut edib.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı, h.ü.f.d. dos.
