Bakı Apellyasiya Məhkəməsində sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.
V.Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.
Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.
