Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda səfərdə olan Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Məhkəmədən e-huquq.az-a verilən xəbərə görə, Ali Məhkəmənin sədri öhdəliklərin icrası üzrə görülmüş işlərdən, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsindən və tətbiqindən danışıb.
R. Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini qeyd edib, fərmanda məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verildiyini bildirib.
Aleksandr Qessel məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
