Məzmuna keç

Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaq

Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaq

"Apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulmuşdur. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırkı qaydada fəaliyyətlərini davam etdirəcəklər".

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır:

"Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.

Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulmuşdur. Yeni qanunla müəyyən edilmişdir ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaqdır.

Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaqdır. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaqdır.

Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaqdır".

Fuad Ələsgərov qeyd edib ki, qəbul olunmuş qanunvericilik aktları paketi məhkəmə-hüquq islahatlarının hazırkı mərhələsində aşağıdakı məqsədlərə nail olunmasına şərait yaradacaqdır:

-ayrıca inzibati və kommersiya məhkəmələri sistemlərinin yaradılması yolu ilə məhkəmələrdə ixtisaslaşmanın dərinləşdirilməsi

-inzibati, kommersiya və rayon (şəhər) məhkəmələri arasında iş yükünün balanslaşdırılması;

-məhkəmə quruluşunun optimallaşdırılması

-məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurlarının sadələşdirilməsi və müddətlərinin qısaldılması;

-məhkəmə aidiyyətinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əlavə mexanizmlərin təsbit edilməsi.