Bakı Apellyasiya Məhkəməsində “Alten” MMC tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Sahibxn Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-nin apellyasiya şikayəti təmin edilib, qərar ləğv olunub, icraata xitam verilib.
Qeyd edək ki, “Alten” MMC-nin barəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən protokol tərtib edilərək, Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, 4 min dollar cərimə edilməsi barədə qərar çıxarıb.
Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib.
Qeyd edək ki, “Alten” MMC 2007-ci ildə Bakı şəhərində təsis edilib. Şirkətin ilkin fəaliyyəti kondisoner və havalandırma sistemlərinin aylıq texniki baxışlarını və servis xidmətlərini təmin etmək olub.
