Məzmuna keç

Qarabağ müharibəsi əlilini vurub öldürməkdə təqsirləndirilən sürücüyə bəraət verildi

Qarabağ müharibəsi əlilini vurub öldürməkdə təqsirləndirilən sürücüyə bəraət verildi

Binəqədi Rayon Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Eldar Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Zalova bəraət hökmü çıxarılıb və o, azadlığa buraxılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ötən il fevralın 7-də Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlunun döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsi barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Bildirilib ki, M.Əhmədovun “Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlili olub.