Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası 4 şirkəti – “Yom Azərbaycan”, “Caspian Paint LTD”, “ABC Telecom” və “İdeal Company” MMC-lər barəsində inzibati xəta haqqında protokollar tərtib edib.
E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolları baxılması üçün məhkəməyə göndərib.
Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilərək, cərimələyib.
Belə ki, “Yom Azərbaycan” 180,2 ABŞ dolları, “Caspian Paint LTD” 150 avro, “ABC Telecom” 1300 manat və “İdeal Company” isə 2808,84 manat məbləğində cərimə olunub.
Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.
