Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.
E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən prokuror M.Əhmədovun cəzalanmasını istəyir.
Həmçinin bu iş üzrə zərərçəkmiş Cahangir Alışov və digərləri də kassasiya şikayəti verərk, şirkət rəhbərinin cəzalanmasını tələb edirlər.
Kassasiya protesti və kassasiya şikayəti hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, podoratçi şirkətin rəhbəri olan M.Əhmədov Cahangir Alışov və digər şəxslərə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxarıb. M.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
