"Ötən il hakim korpusunun 70%-ni mütərəqqi qaydalarla seçilmiş gənc nəsl hakimlər təşkil edib".
E-huquq.az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, hakimliyə namizədlərin Avropada müəyyən edilmiş ən mütərəqqi və şəffaf qaydalarla seçimi nəticəsində 3400-dən çox namizəd sırasından 415 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra hakim vəzifələrinə təyin edilib. Ötən il bu qaydalarla seçilmiş 108 nəfər hakimliyə namizədin təyinatı nəticəsində isə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib.
İclasda vurğulanıb ki, hakimliyə namizədlərin seçimində çevikliyin artırılması, habelə namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydalarına bu ərəfədə müvafiq dəyişikliklər edilib.
