Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev və Natiq Alıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az-ın xəbərinə görə, hakimi Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayətini geri götürdükləri bildirilib.
Lakin iş üzrə zərərçəkmiş şəxs İlqar Əliyevin nümayəndəsi şikayətini geri götürmədiyini söyləyib.
Buna görə proses avqustun 1-dək təxirə salınıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri – Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib. Onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
