"Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində birgə işçi qrupu tərəfindən qısa müddətdə 40-dək normativ aktın layihələri işlənilib hazırlanıb".
E-huquq.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
O bildirib ki, həmin layihələr əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxacaq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə ekspertizasının və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması və digər məsələlərlə bağlıdır: "Eyni zamanda, icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir".
