“Ermənistanın hazırki siyasi hakimiyyəti belə təxribatlara görə məsuliyyət daşıyır”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Mayın 27-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
O, Ermənistanın son günlərdə sərhəddə törətdiyi təxribatların acı təəssüf doğurduğunu qeyd edib: “Ağır məğlubiyyətdən sonra özünə gələ bilməyən Ermənistan belə təxribatlarla üçüncü qüvvələri prosesə cəlb etmək istəyir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün bu təşkilatı birbaşa öz tərəfinə çəkməklə, Azərbaycandan ciddi güzəştlər əldə etmək niyyətindədir. Sərhəddə baş verənləri həddindən artıq şişirtmək, eyni zamanda beynəlxalq ictimaiyyəti də Azərbaycanın əleyhinə qaldırmaq məqsədi güdür. İyun ayının 20-də Ermənistanda növbədənkənar keçiriləcək. Seçkilər ərəfəsində istisna deyil ki, düşmənlə münasibətdə olan siyasi qüvvələr də sərhəddə baş verən təxribatları bir-birinə qarşı istifadə edirlər və üçüncü qüvvələr vasitəsi ilə belə təxribatlar törədilir. Onların bu cinayətkar əməllərinə son qoyulmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycanın bu təxribatlara qarşı mövqeyi sərt olmalıdır: “Çox xoş haldır ki, dünən gecə baş vermiş hadisələrdə qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Hesab edirəm ki, gələcəkdə də çox sərt tədbirlər həyata keçirilməlidir, eyni zamanda delimitasiya və demarkasiya məsələləri başa çatdırılmalıdır. İndiki halda bizim güzəşt etmək imkanımız yoxdur, artıq o limit bitib. Bu tarixi bir şansdır, bu şansdan istifadə edərək ordumuzun və xalqımızın qalib əhval-ruhiyyəsini nəzərə alaraq sərhəd məsələlərində güzəştə getməməliyik. Tərtib olunmuş xəritələr birbaşa Azərbaycanın haqlı olduğunu göstərir və o ərazilər Azərbaycan dövlətinin ərazisidir, biz onları müdafiə etməliyik. Belə olduğu halda güzəştdən söhbət gedə bilməz. Buna görə də törədilən təxribatlara ən kəskin şəkildə cavab verməliyik”.
Sevgül Qasımzadə
