Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.
Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, Ş.Məmmədov daha əvvəl polis əməkdaşı olub.
