Bakıda marketdən seyf oğurlamaqda təqsirləndirilən Sənan Verdiyev və Elimxan Alıyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il aprel ayında Daxili İşlər Nazirliyininin yaydığı məlumata əsasən, Xətai rayonu ərazisindəki marketlərdən birinin sahibi Xətai Rayon Polis İdarəsi 37-ci polis şöbəsinə müraciət edərək marketin dam örtüyünün söküldüyünü və obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını deyib.
Məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbiri keçirdiblər. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Verdiyev və E.Alıyev saxlanılıblar. Qrupun digər üzvü, paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in inzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkir.
Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev damdan daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər. Pulu ələ keçirəndən sonra saxlanılan şəxslər izi itirmək məqsədilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları həmin seyfi atıldığı yerdən taparaq maddi sübut kimi götürülüblər.
