Mingəçevir şəhər Mingəçevir bələdiyyəsi “Gülövşə” MMC-nin direktoru Mahir Allahverdiyevi məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bələdiyyə 47 555 manat mədən vergisi borcunun M.Allahverdiyevdən tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyib.
Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb, hesab edir ki, hazırkı iddiaya ümumi məhkəmələr tərəfindən mülki qaydada baxılmalı olduğundan iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
Araşdırma zamanı müəyyən olunub ki, cavabdeh M.Allahverdiyevin fərdi sahibkar statusu yoxdur.
Məhkəmənin qərarına əsasən, iddia ərizəsi geri qaytarılıb.
Qeyd edək ki, Baş Prokurorluğunun 2018-ci ildə yaydığı məlumata əsasən, M.Allahveriyevə qarşı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma ittihamı irəli sürülüb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
M.Allahveriyev və digərlərinin cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulub, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib.
