Məzmuna keç

“Bəzən hər hansı qurum və ya şəxslər vəkillərin fəaliyyətinə əngəl törətməyə çalışırlar”

“Əvvələr cəmiyyətdə vəkillərə qarşı neqativ münasibət var idi. Bəzən vəkilin sadəcə vasitəçi olduğuna dair fikirlər səslənirdi. Lakin son illər ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və Vəkillər Kollegiyası tərəfindən görülən işlər nəticəsində bu mənzərə dəyişib”.

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov ARB24-ün "İş vaxtı" proqramında qonaq olarkən deyib.

Kollegiya sədri bildirib ki, ölkədə vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür: “Bəzən hər hansı qurum və ya şəxslər vəkillərin fəaliyyətinə əngəl törətməyə çalışırlar. Belə olan halda Vəkillər Kollegiyası dərhal məsələyə reaksiya verir. Biz imkan vermərik ki, kimsə vəkilə mane olsun. Əks halda cəmiyyətdə vəkillərə inamsızlıq yaranar. Bizim məqsədimiz vəkilliyin nüfuzunun daha da artmasıdır. Bu gün məhkəmələrdə də ciddi dəyişikliklər müşahidə olunur. Hakimlərin sayı artırılıb, onların maddi-texniki imkanları yaxşılaşdırılıb. Bir sıra neqativ amillərə, korrupsiya hallarına son qoyulması vəkilliyin nüfuzuna da müsbət təsir göstərir. Çünki sivil cəmiyyətlərdə insanlar öz hüquqi problemlərini kiməsə zəng edərək yox, vəkilə müraciət edərək həll edirlər. Bizim istəyimiz odur ki, hər kəs öz işini görsün. Vəkilin də işi hər kəsin hüquqlarını vicdanla, şərəflə müdafiə etməkdir”.