Məzmuna keç

Vəkillər Kollegiyası və CCBE-nin birgə təşkilatçılığı ilə onlayn vebinar keçirilib

29 İyun tarixində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Vəkillər Kollegiyası) birgə təşkilatçılığı ilə "Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) rolu və müraciətlərin qəbuledilənlik meyarlar – nəzəriyyə və təcrübə" mövzusunda onlayn vebinar keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri açılış nitqi ilə açan Anar Bağırov hər iki təşkilat arasındakı belə geniş miqyaslı birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış, Vəkillər Kollegiyasının son 3 ildə gördüyü işlər, Kollegiyanın CCBE-dəki gələcəkdəki üzvlüyü, Covid-19 ilə mübarizədə Azərbaycandakı mövcud vəziyyət haqqında məlumat vermiş, o cümlədən CCBE-nin rəhbərliyini Bakıyada və Kollegiyada görməkdən məmnun olacağını bildirib.

Həmçinin, CCBE-nin prezidenti Margareth Von Galen çıxış edərək CCBE barədə azərbaycanlı iştirakçılara məlumat vermiş, CCBE-nin missiyası barəsində çıxış edərək qanunun aliliyinin müdafiəsi, əsas insan hüquq və azadlıqlarının qorunmasını və s. ilə bağlı geniş bəhs edib.

Daha sonra, CCBE-nin Peco Komitəsinin sədri Roman Zavsrek AİHM-in insan hüquqlarının qorunmasında rolu, törəmə təşkilatın prinsipləri, AİHM-in tarixi və strukturundan və s. bəhs etmişdir. O, həmçinin, çıxışında AHİM-də hakimlərin təyin olunması, müraciətlərə baxılması qaydası barəsində tədbir iştirakçılarına məlumat verib.

Vebinarda, həmçinin, CCBE-in İnsan Hüquqları Komitəsinin sədri Stefan von Raumer “AİHM-ə müraciətlərin qəbuledilənlik meyarları və rəsmi tələbləri” mövzusunda çıxış etmişdir. O, qəbuledilənlik meyarları olan ratione materiae, ratione personae, ratione temporis, ratione loci haqqında məlumat verib. S.Raumer, eyni zamanda, mühüm dəyişikliklərdən olan AİHM-in 15 saylı protokolu, bu protokola əsasən məhkəməyə müraciət üçün nəzərdə tutulan 6 aylıq müddətin 4 aya endirilməsi və onun tətbiqi barədə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bundan başqa, Roman Zavsrek və Stefan von Raumer daha sonra vebinar iştirakçılarına AİHM-ə müraciət formunun doldurulması üzrə praktik məlumatlar vermiş, öz şəxsi təçrübələri barəsində danışıblar.

Vebinarın son hissəsində iştirakçılar tərəfindən ünvanlanan bütün suallar təlimçilər tərəfindən cavablandırılmışdır. Sonda, qapanış nitqi ilə çıxış edən Anar Bağırov bir daha CCBE-ə və tədbir iştirakçılarına təşəkkür etmiş, o cümlədən belə tədbirlərin davamlı olacağını qeyd edib.

Qeyd edək ki, Zoom platforması üzərindən keçirilən bu faydalı Vebinar, daha çox izləyiciyə çatımlılıq baxımından Vəkillər Kollegiyasının “Facebook” və “Youtube” kanallarında da canlı yayımlanmışdır. Mövzu ilə bağlı maraqlı şəxslər vebinarın videosunu istənilən zaman həm Vəkillər Kollegiyasının vebsaytı, həm də bütün sosial şəbəkələri vasitəsilə izləyə bilərlər.

Vebinarı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiz: