Məzmuna keç

Bakıda müəllimi hədələyən şəxs kassasiya şikayətini geri götürdü

Bakıda müəllimi hədələyən şəxs kassasiya şikayətini geri götürdü

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, Y.Zalov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə onun müraciəti təmin edib.

Qeyd edək ki, ötən ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M. (ad, soy ad şərti) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib. Daha sonra Y.Zalov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.