“Ölkə başçısının Fərmanına uyğun olaraq ölkəmizdə artıq ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı məsələlər öz həllini tapdı. Bu günə qədər də Azərbaycanda ixtisaslaşmış məhkəmələr kimi inzibati-iqtisadi məhkəmələr fəaliyyət göstəriridi. Yeni yaradılan məhkəmələrin fərqi nədən ibarətdir və bizi hansı yeniliklər gözləyir? Burada əsas hədəf kimi ilk növbədə ədalət mühakiməsinin səmərəliliyini, xüsusən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə baxılması zamanı daha səmərəli və daha çevik ədalət mühakiməsinə nail olmaq üçün bu ixtisaslaşmanın önəmi vurğulanıb”.
E-huquq.az-ın xəbərinə görə, bunu ali Məhkəmənin hakimi Xəqani Məmmədov deyib.
O bildirib ki, dünya təcrübəsində də səmərəli ədalət mühakiməsinin əsas üsullarından biri kimi, güclü ixtisaslaşmış məhkəmələrdən söhbət gedir: “Bizim 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək qanunvericilik normalarımıza uyğun olaraq, ölkəmizdə ayrıca kommersiya və inzibati məhkəmələr fəaliyyət göstərəcək. İnzibati və kommersiya mübahisələrinə fərqli məhkəmələrdə baxılacaq. İnzibati münahisələrin bir qismi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı dövlət orqanları ilə münasibətlərdə ortaya çıxan mübahisələrdir. Məsələn, vergi, gömrük, sosial sığorta orqanları ilə bu cür mübahisələr yaranır. Bu mübahisələr özünün hüquqi təbiəti etibari ilə inzibati hüquqdan yaranan münasibətlərdir. Sahibkarların publik hüquqdan, inzibati hüquqdan yaranacaq münasibətlərinin hamısına ixtisaslaşmış məhkəmələr kimi inzibati məhkəmələrdə baxılmaqda davam olunacaq. Bu həm Fərmanın qarşıya qoyduğu məqsədə uyğundur, həm də bu cür ixtisaslaşma o mübahisələrə daha səmərəli və daha keyfiyyətli baxılması üçün təminat yaradacaq”.
X.Məmmədovun sözlərinə görə, iqtisadi mübahisələr hüquqi şəxslərin yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən doğan mübahisələrdir.
“Əlbəttə ki, bu mübahisələrə iqtisadi mübahisələr kimi baxılmaqda davam edirdi. Amma əsas fərqlərin nədən ibarət olduğunu qeyd etmək istəyirəm. Əvvəla, biz hər iki kateqoriya üzrə mübahisələrin ayrı-ayrı xüsusi ixtisaslaşmış məhkəmələrdə baxılmasına nail oluruq. Bu günədək bunlara bir məhkəmələrdə baxırdılar. Buradakı əsas fərqlərdən biri inzibati və iqtisadi mübahisələrin baxılma xüsusiyyətlərindəki fərqlərdir. İnzibati məsələrdə tətbiq ediləcək hüquq, orada rəhbər tutulan prinsiplər, məhkəmənin rolu, aktivliyi başqadır. İqtisadi və kommersiya mübahisələrində isə məhkəmənin rolu və o münasibətlərdə məhkəmənin hüquq bərabərliyindən çıxış edərək apardığı araşdırmanın prinsipləri fərqlidir. Dolayısıyla, bu mübahisələrə ayrı-ayrı icraatların, ayrı-ayrı qaydaların tətbiqinə uyğun olaraq, ayrı-ayrı ixtisaslaşmış məhkəmələrdə baxılması təmin ediləcək. Bugündək aidiyyətlə bağlı qaydaların dəyişdirilməməsinə qədər olduğu formada bəzi mübahisələr kommersiya mübahisələri olsa da, onlara ümumi məhkəmələrdə baxılırdı . Artıq prosesual qanunvericilikdə dəyişikliklərdən sonra aidiyyətə dair qaydalar təkmilləşdirilir və ümumi məhkəmələrdə olan bu mübahisələrə də yeni yaradılan kommersiya məhkəmələrində baxılacaq. Burada 2-ci məqsəd kimi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr arasında iş yükü bərabər bölüşdürülməlidir. Yəni, 2020-ci il yanvarın 1-dən ölkəmizdə ümumi məhkəmələrlə yanaşı, ixtisaslaşmış inzibati və kommersiya məhkəmələri də fəaliyyət göstərəcək. Bu zaman məhkəmə quruluşu baxımından qarşıda duran əsas vəzifələrdən biri bu məhkəmələr arasında iş yükünü bərabər balanslaşdırılmış bölməyə nail olmaqdır”, – deyə hakim qeyd edib.
