Məzmuna keç

Ali Məhkəmə iranlı tələbəni öldürən dəstə üzvü ilə bağlı qərar çıxardı

Ali Məhkəmə iranlı tələbəni öldürən dəstə üzvü ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Novxanı bağlar massivində iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkdə təqsirləndirilən Yunus Camallının barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Y.Camallının kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2017-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidova saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Babaverdiyev 20 il, Y.Camallı 20 il, P.Əlməmmədov 14 il, Z.Dünyamalıyev 12 il, C.Talıblı 20 il və R.Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub. Ev dustaqlığında olan R.Seyidova isə məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm məhkum C.Talıblıya aid hissədə dəyişdirilib.

Belə ki, onun 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla, cəzasının ilk 3 ilini həbsxanada çəkməsi hissəsi 1 il 5 ay müddətə endirilib. C.Talıblı cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmün qalan hissəsi dəyişdirilməyib. Daha sonra Y.Camallının kassasiya şikayəti Ali Məhkəməyə müraciət edib.