Məlum olduğu kimi, son günlərdə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Dəyişikliklər edilməsi haqqında” Qanun layihəsində açıq-aşkar əsassız vəsatətlər verilməsinə görə vəkilin cərimələnməsi müddəasının nəzərdə tutulması hüquq ictimaiyyətinin geniş müzakirəsinə səbəb olmuşdur.
Vəkilin mülki icraatda statusu nədir və o, peşə öhdəliklərini icra edərək hüquqi yardım göstərməsi ilə əlaqədar yazılı və ya şifahi müraciətlərinə, çıxışlarına görə məhkəmə tərəfindən cərimə tətbiq edilməklə cəzalandırıla bilərmi?
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Konstitutsiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Məlum olduğu kimi, vətəndaşlarımıza verilən bu Konstitusiya təminatı vəkillərin fəaliyyəti ilə reallaşdırılır.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.
Həmin Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən, vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər:
dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində;
hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində;
ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində;
fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində;
digər növ hüquqi yardım göstərilməsində.
Azərbaycan Respublikası MPM-nin 61-ci maddəsinə əsasən, vəkil prosesdə işdə iştirak edən şəxs kimi, tərəf kimi yox, prosesin digər iştirakçısı kimi nəzərdə tutulur və göstərilir ki, “İşdə iştirak edən şəxslərdən başqa, prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər".
Araşdırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmisi mətbuata açıqlamasında məhkəmədə vəkilin əsassız vəsatət verməyə görə cərimələnməsinə dair dünyada mövcud olan təcrübə kimi bir sıra ölkələrin, o cümlədən Ukrayna, ABŞ, Fransa, Belçika, Rusiya kimi ölkələrin təcrübəsinə istinad etmişdir.
Rusiya Federasiyasının Mülki Prosessual Məcəlləsinin 244.22-ci maddəsi vəkilin yox, bir qrup şəxsin marağından iştirak edən şəxsin (məsələn, hər hansı ictimai birliyin nümayəndəsi, misal üçün "Əlillərin ictimai birliyi” müharibə əlillərinin marağından çıxış edərək iddia irəli sürübsə) prosessual hüquqlarından sui-istifadəyə görə cəriməni nəzərdə tutur ki, bu normanın vəkilə ümumiyyətlə aidiyyatı yoxdur. Vəkillə bir qrup şəxsin marağından çıxış edərək iddia irəli sürən şəxsi eyniləşdirmək mümkün deyil. (Bax:http://www.consultant.ru/document/cons_doc_LAW_39570/bb6410e5d2b36082fc8128aa59e21533734ddfde/)
Müsahibədə istinad olunan ABŞ-ın Mülki Prosesə dair Federal Qaydalarının 11-ci maddəsində isə məhkəməyə iddia, vəsatət verən tərəfin və ya onun vəkilinin “açıq-aşkar əsassız vəsatət verməsinə görə” cərimələnməsini yox, çəkişmə sənədini imzalamalı olan vəkilin bu sənədin imzalamamasına və ya imzası ilə ona məlum olduğu qədərincə, sənəddə göstərilən faktların bu sənədin müdafiə edilməsi üçün yetərli olmasını təsdiq etməsi baxımından, ən azı 2 şahidin ifadəsi ilə bu faktların təkzib olunması halında intizam məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Göründüyü kimi, bu sənəddə vəkilin məhkəmə tərəfindən cərimələnməsi yox, imzaladığı sənəddəki məlumatların həqiqi olmadığını bildiyi halda özü də diqqət yetirin, məhkəmə və ya digər orqan deyil, üzvü olduğu qurum tərəfindən intizam məsuliyyətinə cəlb olunması əks olunub ki, oxşar norma Respublikamızda vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda və "Vəkillərin Davranış Qaydaları Haqqında Əsasnamə"də vəkilin məhkəməyə bilərəkdən yanlış və çaşdırıcı məlumatlar verməsinə görə intizam məsuliyyəti daşıması müddəalarında təsbit olunmuşdur. (Bax:https://constitutions.ru/?p=7745)
Müsahibədə istinad edilən Belçikanın Məhkəmə Məcəlləsinin və Fransanın Mülki Prosessual Məcəlləsinin 32-1 maddələri isə, müsahibənin özündə də göstərildiyi kimi, məhkəmə icraatından açıq-aşkar məhkəmə prosesini ləngitmək və ya qanunsuz məqsədlər üçün istifadadə edən tərəfin cərimələnməsinə aiddir. Göründüyü kimi, bu müddəalarda vəkilin yox, işdə iştirak edən tərəfin və ya onun nümayəndəsinin cərimələnməsi, özü də “açıq-aşkar əsassız vəsatətlər verməyə görə" yox, öz prosessual funksiyalarını icra etməməsi və ya prosessual hüquqlarından sui-istifadəyə görə cərimələnməsi nəzərdə tutulur.
Yuxarıda istinad etdiyimiz Azərbaycan Respublikası MPM-nin 61-ci maddəsindən də göründüyü kimi, mülki prosesdə vəkil işdə iştirak edən şəxs deyil, prosesin digər iştirakçısıdır. Yəni vəkil işdə iştirak edən tərəfi təmsil edə bilər, bu onun həmin şəxsə hüquqi yardım göstərməsi ilə bağlı tapşırığın icrasından irəli gəlir. Lakin heç bir halda vəkil yalnız nümayəndə deyil, o həm tərəfə hüquqi yardım göstərən, həm də onu təmsil edən prosesin digər iştirakçısıdır, xüsusi statusa malik olan şəxsdir. Məhkəmədə nümayəndəlik isə Azərbaycan Respublikası MPM-nin 6-cı fəslində nəzərdə tutulmuşdur. Nümayəndənin səlahiyyətləri həmin Məcəllənin 74-cü maddəsində, vəkilin hüquqları isə 68-ci maddəsində nəzərdə tutulmuşdur.
Həmin müddəaların məzmunundan göründüyü kimi, vəkil hüquqlara, nümayəndə isə səlahiyyətlərə malik olur. Əgər hüquqi yardım göstərdiyi şəxs vəkilə nümayəndəlik səlahiyyəti də verirsə, bu heç də o demək deyildir ki, vəkil dönüb prosesdə tərəf və ya tərəfin nümayəndəsi olur. Vəkil həm də tərəfi təmsil edə bilər. Lakin hər bir halda o vəkil olaraq prosesin digər iştirakçısıdır. Heç bir halda vəkil ilə nümayəndə və ya tərəf eyniləşdirilə bilməz.
Eyni qaydada müsahibədə istinad edilmiş Azərbaycan Respublikası MPM-nin 21.5 və 120-ci maddəsi də artıq dəlilləri uydurma olan etiraza görə, prosessual hüquqlardan sui-istifadəyə görə tərəfin cərimələnməsini nəzərdə tutur. Yəni bu norma prosessual qanunvericiliyimizdə dünya təcrübəsinə uyğun şəkildə təsbit olunmuşdur. Hazırda bu normadan başqa, prosesdə tərəf olmayan, xüsusi statusa malik vəkilin cərimələnməsinin də təsbit olunması vəkillik fəaliyyətinin beynəlxalq prinsiplərinə daban-dabana ziddir.
Yuxarıda da göstərdiyimiz kimi, Azərbaycan Respublikası MPM-nin 61-ci maddəsinə əsasən, vəkil prosesdə tərəf yox, prosesin digər iştirakçısıdır.
Göründüyü kimi, beynəlxalq təcrübədə mülki mühakimə icraatının subyekti kimi vəkilin öz peşə fəaliyyətinin icrası ilə bağlı hər hansı bir inzibati və mülki məsuliyyətə cəlb olunması ilə, məhkəmə və ya digər orqan tərəfindən cəzalandırılması ilə bağlı təcrübə mövcud deyildir. Bu ondan irəli gəlir ki, vəkil öz peşə öhdəliklərinin icrasında müstəqil, hər hansı bir təzyiq və qorxudan azad olmalıdır.
Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiyanın Preambulasında göstərilir ki, "Qanunun aliliyi hökmran olduğu cəmiyyətlərdə vəkilin xüsusi rolu vardır. Vəkilin vəzifəsi təkcə qanunun icazə verdiyi hədlərdə öz funksiyalarını vicdanla həyata keçriməyə başlamaqdan və onu sona çatdırmaqdan ibarət deyildir. Vəkil ədalət mühakiməsinin maraqlarına xidmət etməklə bərabər, ona müraciət etmiş şəxsin maraqlarını həm məhkəmədə müdafiə etməli, həm də həmin şəxsin məsləhətçisi olmalıdır. Vəkilin peşəkar fəaliyyətinə hörmətlə yanaşılması istənilən cəmiyyətdə qanunçuluğun və demokratiyanın əsas şərtidir".
Həmin Xartiyanın vəkilin müstəqilliyi adlanan bölməsində göstərilir ki, Vəkilin müstəqilliyi və müştərinin işinin aparılmasında sərbəstliyi prinsipi müştərisinə məsləhət verilməsi və onun təmsil edilməsi ilə bağlı fəaliyyətlə əlaqədar vəkil siyasi, iqtisadi və intellektual cəhətdən müstəqil olmalıdır. Müstəqil peşə sahəsinə aid olan vəkillik və onun vəkillər kollegiyası kimi quruma üzvlüyü ümumiyyətlə bu fəaliyyətin müstəqilliyinin təminatçısı olmalıdır. Vəkillik sahəsinin özünüidarəetmə işinin təşkili vəkillərin fərdi qaydada müstəqilliyinin, sərbəstliyinin təmin edilməsində həyati əhəmiyyətə malikdir.
Xartiyanın müddəalarından göründüyü kimi, vəkil öz peşə öhdəliklərinin icrası ilə bağlı yalnız üzvü olduğu qurum tərəfindən intizam məsuliyyətinə cəlb oluna bilər. Bu qurumdan kənarda hər hansı bir orqan tərəfindən vəkilin cəzalandırılması, onun müstəqilliyinə xələl gətirir və vəkildən çox, onun hüquqi yardım göstərdiyi şəxslərə ziyan vurur.
Bu məsələdə BMT-nin 27 avqust -7 sentyabr 1990-cı il tarixində keçirilmiş 8-ci konfransında qəbul edilmiş Vəkillik Fəaliyyətinə dair təməl prinsiplər adlı "Havana Qaydaları" vacib əhəmiyyət kəsb edir və müzakirə olunan məsələni konkret cavablandırır. Həmin Qaydaların vəkillərin öz öhdəliklərinin icrasına münasibətdə təminatları bölməsində, yəni Qaydaların 16-cı bəndində göstərilir ki:
a) hər bir üzv dövlət təmin etməlidir ki, vəkillər hər cür hədə, maneə və qorxudan azad şəraitdə öz peşə fəaliyyətlərini həyata keçirə bilsinlər;
c) vəkillər öz peşə fəaliyyətlərini həyata keçirməklə bağlı heç bir hərəkətlərinə görə heç bir məhkəmə, inzibati, iqtisadi sanksiyalara məruz qalmamalıdırlar.
18-ci bəndə əsasən, vəkillər öz funksiyalarının həyata keçirilməsində müştəriləri və müştərilərin maraqları ilə eyniləşdirilə bilməz.
20-ci bəndə əsasən, vəkillər məhkəmədə, tribunalda və ya digər hüquqi və inzibati orqanda öz peşə öhdəliklərinin icrası ilə bağlı yazılı və şifahi çıxışlarına və vəsatətlərinə görə mülki və cinayət cəzasından immunitetə malikdirlər.
Göründüyü kimi, BMT-yə üzv olan bütün dövlətlər üçün vacib olan bu sənəd vəkillərin məhkəmədə, tribunalda və ya digər hüquqi və inzibati orqanda öz peşə öhdəliklərinin icrası ilə bağlı yazılı və şifahi çıxışlarına və vəsatətlərinə görə mülki və cinayət cəzasından immunitetə malik olmasını birbaşa təsbit edir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində vəkilin “açıq-aşkar əsassız vəsatət verməsinə görə”, yəni öz peşə öhdəliyinin icrası ilə bağlı vəsatət verməsinə görə cəzalanması necə nəzərdə tutula bilər?
İstinad olunan sənəddə də göstərildiyi kimi, vəkil heç bir halda hüquqi yardım göstərdiyi şəxs və ya onun maraqları ilə eyniləşdirilə bilməz. Vəkilin öz peşə öhdəliklərinin icrası ilə bağlı məhkəmədə etdiyi çıxışlar, qaldırdığı vəsatətlər hüquqi yardım göstərdiyi şəxsin tapşırığı ilə icra etdiyi hərəkətlərdir, onun şəxsi mövqeyi deyildir. Vəkil bu sənədlərin qeyri-peşəkar tərtibatına görə üzvü olduğu qurum tərəfindən intizam məsuliyyətinə cəlb oluna bilər. Lakin heç bir halda vəkil verdiyi vəsatətə görə, hələ bu vəsatətin əsaslı və ya əsassız olmasının məhkəmədə müzakirə olunub qiymətləndirilməsinin vacib olmasını nəzərə almasaq belə, məhkəmə tərəfindən cəzalandırıla bilməz. Bu, vəkilin nüfuzuna ciddi zərbə vura və insanların vəkilliyiə inamını qıra, vəkili hakimdən asılı hala sala, onun immunitetini məhv edə, onu beynəlxalq hüquqla təsbit edilmiş “qoruma çətirindən” məhrum edə bilər.
Hazırki məsələni araşdırarkən Türkiyəli vəkil Mehmet Altundişin “Avukatın Düşüncelerini Olgun ve Objektif Biçimde Açıklama Yükümlülüğü” adlı elmi məqaləsi diqqətimi cəlb etdi. Həmin məqalədə göstərildiyi kimi, vəkilin hər hansı bir şəxsə hüquqi yardım göstərməsi ilə bağlı onu məhkəmədə təmsil edərkən söyləmək istədiyi bir sözü cəzalanmaq qorxusu altında söyləməməsi ədalətin gerçəkləşməsinə mane olar. Bu baxımdan, vəkilin müştərisini təmsil edərkən söyləyəcəyi sözə və yaxud etdiyi hərəkətə görə cəzalanması vəkildən çox, onun hüquqi yardım göstərdiyi şəxsə ziyan vurur.
Vəkilin təmsil etdiyi şəxsin hüquqlarını qoruması məqamında hər hansı digər fərdlər barədə mənfi qiymətləndirmə aparması mümkündür. Əgər bu cür qiymətləndirmələr və ittihamlar onun hər hansı bir şəxsi və ya iddianı müdafiə etməsi ilə bağlı deyildirsə, yalnız o zaman müdafiə həddini aşma kimi qiymətləndirilə bilər. Vəkilin hüquqi yardım göstərdiyi şəxsi və yaxud onun iddiasını müdafiə ilə bağlı etdiyi çıxışlar, dediyi sözlər "qoruma çətiri"ndən faydalanır. Bu səbəbdən yalnız iddia hüququ və müdafiə hüquqlarını aşaraq toxunulmazlıqdan yararlana bilməyən danışma, yazı və ifadələr məsuliyyətə səbəb ola bilər. İddia və müdafiə hüququnun heç bir kənar təsir olmadan həyata keçirilməsi vacibdir. Hər bir halda vəkil heç bir narahatlıq olmadan məhkəmə orqanları qarşısında tələb və müdafiəni həyata keçirməlidir. (https://dergipark.org.tr/en/download/article-file/1121378)
Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində vəkilin “açıq-aşkar əsassız vəsatət verməyə görə” məhkəmə tərəfindən cərimələnməsi normasının təsbit ounması vəkillik fəaliyyəti ilə bağlı ümumi qəbul olunmuş Beynəlxalq prinsiplərə, dünya təcrübəsinə tamamilə ziddir. Vəkili nümayəndə və ya tərəf ilə eyniləşdirmək, onun müstəqilliyinə xələl gətirmək insanların vəkilə güvənini qırmaqla nəticələnə bilər.
İlhamə Həsənova
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədr müavini
