Ədliyyə Nazirinin müavini Avropa Şurasında əcnəbi məhkumların öz ölkələrinə təhvil verilməsi məsələsini müzakirə edib
24-25 aprel 2019-cu il tarixlərdə Fransanın Strasburq şəhərində Avropa Şurasının mənzil qərargahında İnsan Hüquqları və Qanunun Aliliyi Baş direktorluğunun təşkilatçılığı ilə “Həbsxanalarda sıxlıq probleminə cavablar” mövzusunda konfrans keçirilib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən məlumata görə, Avropa Şurasının üzv və müşahidəçi ölkələrinin həbsxana və probasiya xidmətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin, eləcə də penitensiar sahədə çalışan və beynəlxalq səviyyədə tanınmış ekspertlərin iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycanın ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda həbsxanada sıxlıqla bağlı Avropa məkanında mövcud vəziyyət təhlil edilib, məhkum kontingentinin sayının azaldılması məqsədilə vaxtından əvvəl şərti azad olunma institutunun və məhkəmələr tərəfindən alternativ cəza növlərinin tətbiqi, elektron nəzarətin həyata keçirilməsi, əcnəbi məhkum və həbs edilmiş şəxslərin öz ölkələrinə təhvil verilməsi və ekstradisiyası, bununla əlaqədar prosedurların tezləşdirilməsi mövzuları ətrafında müzakirələr aparılıb.
Tədbirdə həmçinin məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və sosial reabilitasiyası, həbsxanaların idarə olunmasının təkmilləşdirilməsi, müasir idarəetmə üsullarının tətbiqi, Avropa konvensiyalarının, xüsusilə məhkum və həbs edilmiş şəxslərin hüquqlarının qorunması, məhkum mübadiləsinə dair beynəlxalq sənədlərin yerli qanunvericiliyə implementasiyası mövzuları ilə də bağlı maraqlı fikirlər sələndirilib. Sessiyalar zamanı cinayət hüququ və həbsxanalarda sıxlıqla bağlı beynəlxalq əməkdaşlıq mövzusunda çıxışı edən məruzəçilər öz ölkələrinin təcrübəsi ilə bölüşüblər. Səfər çərçivəsində Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov Avropa Şurasının İnformasiya cəmiyyəti və cinayətkarlıqla mübarizə idarəsinin direktoru Yan Kleyssen, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski, habelə bir sıra üzv ölkələrin penitensiar xidmət və probasiya xidmət nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı və 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, Azərbaycanın ədliyyə sistemində, o cümlədən penitensiar və probasiya sahəsində aparılan mütərəqqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ-hüquqi aktların qəbulu barədə müfəssəl məlumat verilib, qarşılıqlı səmərəli əməkdaşlıq perspektivləri və digər maraq doğuran məsələlər müzakirə edilib.
Tədbirin yekununda konfransda əldə edilmiş əsas nəticələri özündə əks etdirən ümumi sənəd qəbul edilib.

