Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
E-huquq.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilən imtahanda iki növbəli olaraq ümumilikdə 280 namizəd iştirak edir.
3 saat ərzində davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər.
Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində məlumat veriləcək.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.
İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 64, ən gənc isə 24 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 68%, Respublikanın digər regionları üzrə isə 32%-dir.
Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək.
Namizədlərin 13%-i xarici, 87%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 51% ilə Bakı Dövlət Universiteti tutur.
Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 70%-ni təşkil edir. Qadın namizədlər 20%, kişi namizədlər isə 80%-dir.
Xəyalə Bünyatova
