Məzmuna keç

Psixoloq valideynlərə çağırış etdi

Son günlərin aktual mövzusuna çevrilən intihar və intihara cəhdlər niyə çoxalıb sualına cavab tapmağa çalışırıq. Aparılan araşdırmalar nəticəsində belə məlum olur ki, intiharı tək bir risk faktoru ilə açıqlamaq doğru deyil. Risk faktorları arasında yaş, travma, təcavüz, insest, genetik faktor, ailə münaqişələri və s. göstərmək olar.

İntihara meyillilik 90% depresiyadan əziyyət çəkənlər və psixiatrik pozuntu olan insanlarda rast gəlinir. 18-24 yaş qrupuna daxil şəxslərdə intihara meyillilik daha çox olur. Hazırda uşaqlar və yeniyetmələr arasında intihar halları artmaqdadır.

Ona görə də valideynlər övladlarının psixoloji vəziyyətinə ən az bioloji sağlamlığı qədər ciddi yanaşmalıdırlar. Lakin təəssüf ki, müşahidələr onu göstərir ki, psixoloqa ən son halda müraciət olunur.
Məsələn, bir valideyn yeniyetmə övladı intihar etdikdən sonra öz psixoloji vəziyyətinə görə müracət etmişdi. Övladının intihar səbəbini soruşduqda o bunun niyə baş verdiyini bilmədiyini dedi. Bildirdi ki, işdə olurdum və evə gəlib ona vaxt ayıra bilmirdim. Heç bilmədim nə dərdi var idi. Valideyn övladının intiharına görə özünü bağışlaya bilmədiyini deyib fəryad edirdi.

İntihar edəcək qədər yeniyetmədə baş verən dəyişikliyi görməmək və sezməmək artıq valideynin biganəliyidir. Problemi uşaqda yox, valideyndə axtarmaq lazımdır. Burada məqsəd valideyni günahlandırmaq deyil. Söhbət onun doğru olmayan yanaşmasını qəbul edib düzəltməkdən gedir. Bu o deməkdir ki, uşaqla düzgün münasibət qurulmayıb, valideyin-övlad münasibəti artıq toksik münasibətə çevrilib. Bu və buna bənzər xeyli fakt göstərmək olar. Bu gün övladı ilə düzgün münasibət qurmayan, ünsiyyətdə çətinlik çəkən valideynlər çoxluq təşkil edir.

Ailədə uşaqla normal ünsiyyət qurulmursa, “sən uşaqsan, otur yerində, sən edə bilməzsən” kimi yanaşma ilə susdurulursa, bu zaman o özünə qapanır. Valideyn övladındakı mənfi istiqamətdə baş verən dəyişiklikləri görmür və bu da təəssüf ki, bəzən faciəvi sonluğa gətirib çıxarır. Valideynlər övladları ilə ünsiyyəti elə qurmalıdırlar ki, uşaq yaşadığı hər hansı bir çətinliyi, sıxıntını çəkinmədən onlarla bölüşə bilsin. Çünki bir çox hallarda uşaq və ya yeniyetmələr fikirlərini ata-anaları ilə bölüşməkdən qorxurlar.

Bəzən hətta uşaqlar nümayişkaranə şəkildə “özümü öldürəcəyəm” kimi fikirlər səsləndirsə də, valideynlər bunu ciddi qəbul etmir, övladının diqqət çəkmək üçün etdiyi kaprizləri kimi qiymətləndirirlər. Əslində belə hallarda valideynin biganəliyi yolverilməzdir. Bu, ailədə uşaqla münasibətin toksik şəkildə qurulmasını göstərir. Valideyn nəzərə almalıdır ki, övladı sevdiklərini cəzalandırmaq üçün bir gün bu fikri gerçəkləşdirə bilər.

Təcrübəmdə belə bir halla qarşılaşmışdım ki, valideyn yeniyetmə övladını pis vərdişlərə qurşanmaması üçün evdən çölə buraxmırmış. Yeniyetmə səhər məktəbə gedib, axşam hava qaralanda geri dönürmüş. Bu da evdə ciddi narazılığa səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, uşağa qarşı şiddətə əl atılıb. Bu halda əlbəttə ki, uşaq evdə görmədiyi hüzuru, anlayışı, sevgini çöldə axtaracaq. Ən pisi isə uşaq artıq “valideyinimə nifrət edirəm” kəliməsi ilə duyğularını ifadə edir.

Valideynlər mütəmadi olaraq uşaqlarını müşahidə etməli, narahatedici hər hansı hallarla rastlaşdıqda mütləq şəkildə pxixoloqa müraciət etməlidirlər. Məsələn, gündəlik aktivliyin enməsi, evdən icazəsiz çıxmalar və ya qaçmalar, hər hansı vərdişlərin dəyişməsi, kədərli musiqi dinləməsi, ölüm haqqında ədəbiyyatlar oxumaq, özünü insanlardan təcrid etmək, psixoaktiv maddələrdən sui-istifadə, narkotik, alkaqol və s. istifadəsi kimi hallar.

Gün ərzində mindən artıq gənc özünü öldürməyə cəhd edir. Bu böhranlı dövr bir neçə əlamətlərlə özünü göstərir. Utancaqlıq və ya həddindən artıq rahatlıq, çox tez təsirlənən və ya kobudluq, fanatizm və özlərini ağıllı saymalarıdır.Belə gənclərdə özünəyadlaşma, ətrafa yadlaşma, depresiya və suidsidal davranış müşahidə olunur.

Eriksonun fikrincə, yeniyetmələrin əsas problemi özünü cəmiyyətə inteqrasiya etməkdir. Milli kimlik prosesində qırıqlar yaranırsa, burada natamamlıq kompleksi, məqsədsizlik, çıxış yolu olan həyatdan qaçış müşahidə olunur. Hansı ki, özünü cəmiyyətdə görə bilmir, o zaman çıxış yolunu içkidə və narkotikdə tapır.

Psixoaktiv maddələrdən istifadə gənclərə onların fikrincə, özlərini rahat hiss etməsinə imkan verir. Suidsidə əl atan yeniyetmələr özləri də bilmədən sağlamlıqlarına zərər vururlar. Daha sonra onlar bu əməllərinə görə peşman olurlar. Ölümə canatma qısa müddətdə ötüb keçə də bilir. Yeniyetmənin yaşı nə qədər azdırsa, o qədər çox mənfi davranış müşahidə olunur. Özünəyönəlmiş aqresiya, sonra şantaj formalı suidsidlərə keçid edir. Yeniyetmələrdə əsas üstünlük təşkil edən problemlər çətinliklərə qalib gəlməmək, sıxıntının bitməməsi, təkliyə dözə bilməmək şəklində özünü göstərir. Onlarda köməkliksiz, güçsüzlük, ümidsizlik duyğaları üstünlük təşkil edir. Bu halda suidsidal davranış içki, narkotiklə bərabər valideyinlərlə konfiliktə də bağlıdır. Bundan başqa, həmyaşıdlarının onları ələ salması, pis dərs oxuması, uğurlu yeniyetmənin uğursuzluğu, valideyinlərinin gözləntilərini yerinə yetirə bilməməsi, digər özünə qəsd edən insanları model alaraq təqlid etmələridir. Bəzi yeniyetmələr depresiya zamanı intihara cəhd edirlər. Çətinliklərə qalib gələ bilmədikdə sanki bədbəxtçiliyin bitməməsi, təkliyə dözə bilməmək kimi fikirlər üstünlük təşkil edir. Həmçinin zorakılıq da intihara yol açan səbəblərdəndir. Alçaldılmışlıq hissi bəzən intihara sövq edir.

15-16 yaşlı nümayişkar, çəkinməyən, hisslərini gizlətməyən, inandırıcı davranan yeniyetmələrdə intihar hallarına daha çox rast gəlinir. Onlar təhlükəsiz intihar üsulları seçir ki, yaxındakılar onlara kömək edə bilsin. Bəzən intihar səbəbi nakam sevgi də olur. Lakin əsas səbəb öz itirilmiş statusunu yeniləmək və diqqət mərkəzində olmaqdır. Belə yeniyetmənin əsas devizi “nə olursa olsun”dur. Belə bir halla da qarşılaşmışdım ki, yeniyetmə sinif uşaqlarıının sevgisini və diqqətini qazanmaq üçün sinifdə biləyini ülgüclə doğramışdı. Onun fikrincə, bu halda sinif yoldaşları onun halına acıyacaq və dostluq edəcəkdirlər. Həmin yeniyetmə özünü qəbul etdirmək üçün səhv istiqamət seçmişdi.

İntiharların qarşısının alınması üçün ilk olaraq sosial səriştəsizlikdən irəli gələn məqamlar araşdırılıb, təhrif olunmuş inanclar müəyyənləşdirilməlidir. Neqativ özünüqiymətləndirmə, ətrafı neqativ qavrama, neqativ gələcəyə baxış dəyişdirilməlidir. Özünümüşahidə ilə stresi yaradan hallar müəyyən olunmalı və aradan qaldırılmalıdır.

Özünüdəyərləndirmə özünü real görmək və optimistik gələcəyə fikirlər yaratmaq, hər pozitif addıma görə özünə hədiyyə etmək və özünü sevindirməkdir. Sosial bacarıq treninqlərinə qatılmaq neqativ və pozitif emosiaları tanımağa məqsəd qoyulur. Hər bir problemi əvvəlcədən düşünməyi, dərk etməyi, çıxış yollarını tapmağı və qabaqcadan nəticəni görməyi öyrənir. Düzgün həyat tərzi, yuxu sisteminin balanslaşdırılması, pozitif düşünmə vərdişi, daxili aləmin varlanması üçün kitablardan istifadə, ünsiyyəti aktivləşdirmək üçün empatiyanın gücləndirilməsi vacibdir. İntihar zamanı individual Krizis terapiyası, Qrup krizis terapiyasının alınması da vacibdir.

Valideynlər unutmamalıdır ki, uşaqlar hər dövrə aid bəzi xüsusiyyətlər və problemlər yaşayır. Vacib olan odur ki, bunları öncədən bilib onlara mübariz olmaq aşılansın. Yeniyetmənin ailədənkənar münasibətlərinə diqqət edilməlidir. Ətrafı, ünsiyyətdə olduğu insanlar diqqətdə saxlanılmalıdır. Həmçinin sosial şəbəkədəki fəaliyyətini də nəzarətdən kənar qoymaq olmaz. Valideynlər övladlarına sevgi ilə yanaşmalıdır. Onların uğurlarını təqdir etməli, özlərinə inamın yaranmasına dəstək olmalıdırlar. Uşaqlarla birgə vaxt keçirmək, onların bilik və bacarıqlarını, maraq dairələrini öyrənmək və bu istiqamətdə inkişafları üçün lazımi dəstək göstərmək lazımdır. Valideyn hər zaman məvəvi olaraq övladının yanında olduğunu hiss etdirməli, lakin lazım gəldikdə isə onu sərbəst buraxmağı da bacarmalıdır.

Uşaqlara qarşı psixoloji və ya fiziki şiddətə əsla yol verilməməlidir. Valideyn övladını alçaltmamalı, onu ələ salmamalı, hər hansı ləqəb qoşmamalıdır. Qərar verərkən övladının fikirlərini dinləməli və onun etirazlarını nəzərə almalıdır. Onların özlərinə ifadə etməsinə imkan yaratmaq lazımdır. Ən əsası isə valideynlər övladlarının yaşlarına uyğun davranmasına icazə verməlidir. Bu yanaşma onların psixologiyasına müsbət təsir göstərir.

Lalə Ələkbərova, klinik psixoloq

Facebook: Psixoloq Lale Elekberova

Instagram: psixolog.lale.elekberova

Əlaqə nömrəsi: (+994) 50 661 00 20