Məzmuna keç

“Prezidentin münaqişə ilə bağlı təqdim etdiyi təhlil və faktlar beynəlxalq hüququn prinsiplərinin selektiv qaydada tətbiqinin sülh üçün dağıdıcı təhlükə mənbəyi olduğunu sübut edir”

“Prezidentin çıxışındakı tezislər Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə töhfə verəcək”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə keçirilən VIII Bakı Forumunda Prezidentin çıxışını şərh edərkən deyib.

O bildirib ki, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə Mərkəz öz ətrafında Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli şəxsləri, müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.

"Beynəlxalq Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək artıq 8 Qlobal Bakı Forumu və 42 yüksək səviyyəli toplantı keçirilib. Onu da qeyd edim ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Son Bakı Forumu da müzakirə olunan məsələlər baxımından olduqca zəngin və əhatəli oldu. Belə ki, forumda müxtəlif panellərdə "COVID-19-dan sonra yeni dünya nizami", "Yeni Dünya İqtisadiyyatı", "Səhiyyə və əhalinin vaksinasiyası", "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" və digər mövzular müzakirə olundu. Forumdakı çıxışları izləyərkən görürük ki, dünya siyasiləri Azərbaycan Prezidentinin qlobal və regional məsələlərin həllində təşəbbüskar mövqeyinə böyük önəm verir, onun təklif və təşəbbüslərinə xüsusi ümidlə baxırlar.

Cənab Prezidentin Forumun açılış mərasimindəki çıxışı isə dünya üçün sülh, saglamlıq, ədalət və rifah hədəfləri üçün Azərbaycanın nə qədər məqsədyönlü işlər gördüyünü bir daha təsdiq etmiş oldu. Ölkə başçısı Azərbaycanın pandemiya ilə mübarizəsinin təkcə milli nailiyyət yox, həm də qiymətli təcrübə örnəyi kimi əhəmiyyətini yetərli səviyyədə izah etdi. Mötəbər tədbirdə bir daha vaksin millətçiliyi məsələsinə toxunan Prezident dünyada vaksinlərin ədalətsiz bölgüsünə etirazını bildirdi. Təbii ki, həm cənab Prezidentin, həm də Azərbaycanın bu şəkildə etiraz bildirməyə tamamilə haqqı var. Çünki Azərbaycan digər ölkələrdən fərqli olaraq bu müddət ərzində təkcə öz vətəndaşlarını deyil, pandemiyadan əziyyət çəkən digər ölkə vətəndaşlarını da düşünüb və Qoşulmama Hərəkatının sədri qismində 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərib, təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib", – deyə Yusif Bağırzadə qeyd edib.

Politoloqun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslərin nəticəsidir ki, COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir: "Cənab Prezident də öz çıxışında bu kimi faktları sadalamaqla Azərbaycanın pandemiya ilə mübarizənin ən səmərəli mexanizmini yaratmış təşəbbüskar ölkə olduğunu dünyaya növbəti dəfə çatdırmış oldu. Ümumiyyətlə qeyd edim ki, COVID-19-la uğurlu mübarizənin milli və qlobal mexanizmlərinin formalaşmasında İlham Əliyevin şəxsi təşəbbüskarlıq və təşkilatçılıq keyfiyyətləri mühüm faktorlardan biri olub".

Y.Bağırzadə qeyd edib ki, Prezident çıxışında həmçinin Avropada mövcud olan qaz böhranına da toxunaraq 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin istismara verilməsindən və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan da geniş bəhs etdi və çoxları üçün yeni olan fikirlər səsləndirib: "Prezident çıxışında “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var” deməklə bütün dünyaya ölkəmizin əsas təminatçı olduğu qaz bazarlarının iştirakçıları qarşısında maksimum məsuliyyətli olduğunu və süni qiymət artımının yaranmasına səbəb olan davranışlardan çox uzaq olduğunu çatdırmış oldu".

Politoloq bildiriib ki, Prezidentin çıxışında diqqət yönəltdiyi digər bir məsələ Vətən müharibəsi və postmüharibə dövrünün reallıqları ilə bağlı olub: "Forum iştirakçlarına Ermənistanın işğalçılıq siyasəti, “yeni ərazilər uğrunda yeni müharibə” deməklə Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı hədələməsi faktları ilə bağlı geniş məlumat verən Prezident diqqəti növbəti dəfə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verənlərə səssiz qalmasına yönəltdi. Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan münaqişəni özü həll etməklə həm də 27 ildir ki, kağız üzərində qalmış BMT qətnamələrini icra edib. Doğurdan da Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr bundan sonra da kağız üzərində qalacaqdı. Onu da qeyd edim ki, Prezidentin münaqişə ilə bağlı təqdim etdiyi təhlil və faktlar beynəlxalq hüququn prinsiplərinin selektiv qaydada tətbiqinin sülh üçün dağıdıcı təhlükə mənbəyi olduğunu sübut edir. Təbii ki, indi Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların bərpası, ərazi bütövlüyünün tanınması istiqamətində aparılan danışıqlar prosesində dünya siyasətçilərinin də nəzərinə dolğun informasiyaları çatdırmaq çox önəmlidir və cənab Prezident də öz çıxışı ilə Azərbaycanın regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışdığını ortaya qoymuş oldu”.