"Təyinat üzrə çıxdığım işlə bağlı məhkəməyə müvafiq hesabatı vermişəm. Hesabatda çalışdığım iş saatları və məbləğ göstərilib. Həmçinin hüquqi yardımla bağlı gördüyüm işləri də ümumi şəkildə məhkəmənin nəzərinə çatdırmışam. Məhkəmə kollegiyası tərəfindən təqdim etdiyim hesabata dair məhkəmənin sualı çıxmadığına, o hesabat hansısa formada mübahisələndirilmədiyinə görə və ya məhkəmə vəkildən hesabatda yazılan iş saatları ilə bağlı əlavə sənədlər tələb etmədiyinə görə əmin olmuşam ki, məhkəmə mənim hesabatımı qeyd etdiyim şərtlərlə qəbul edib".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Anar Ramazanov Bakı Apellyasiya Məhkəməsinin onun şikayətinə verdiyi cavaba münasibət bildirərkən deyib.
Məhkəmə prosesinin bir neçə dəfə təxirə salınması ilə bağlı vəkil qeyd edib ki, məhkumla cəzaçəkmə müəssisəsində görüşəcəyini məhkəməyə bir neçə dəfə bildirib: "Məhkəmənin birinci baxışınının məhz məhkumla görüşməli olduğuma təxirə salınmasını xahiş etmişəm. Qeyd etmişdim ki, məhkumla görüşməli və iş materialları ilə tanış olmalıyam. Bununla bağlı penitensiar xidmətə sorğu verdiyimi, sorğunun surətini, poçt qəbzini və sair məhkəmənin nəzərinə çatdırmışam. Növbəti proseslərdə isə iştirak etmişəm və məhkumla görüşümün nəticələri barədə məlumat vermişəm".
Təqsirləndirilən şəxslə cəzaçəkmə müəssisəsində görüşməsi barədə hesabata heç bir məlumat və sənəd əlavə etməməsinə gəlincə isə, "Məhkəmə iclaslarında məhkumla görüşüm barədə məlumat verdiyimə görə hər halda bütün bunlar protokolda və videogörüntülərdə öz əksini tapıb. Yəni məhkəmənin mənim həmin iş üzrə gördüyüm işlərdən xəbərdar olduğunu və bunları nəzərə aldığını düşünərək məhkumla görüş və digər detallar barədə təfərrüatı hesabatda göstərməmişəm", A.Ramazanov bildirib.
"Məhkəmə iddia edir ki, guya mən işlə tanış olmamışam. Bu doğru deyil. Birinci prosesdə, yəni işin təxirə salındığı prosesdən sonra məhkəmə zalında işlə tanış olmuşam və bütün zəruri qeydləri götürmüşəm. Məhkəmə yəqin nəzərdə tutur ki, vaxt ayırıb gəlməli, ərizə yazıb işlə tanış olmaq otağına keçməli və digər prosesdurlar həyata keçirilməlidir. Lakin buna ehtiyac yoxdur", – deyə vəkil əlavə edib.
Xəyalə Bünyatova
