Məzmuna keç

“”Necə edək ki, vəkili susduraq?” tendensiyası dəyişməlidir” –

"Əvvəllər Vəkillər Kollegiyasından təkliflər almırdıq. Amma indi qanunvericilikdə dəyişikliklərlə bağlı kifayət qədər müsbət təkliflər alırıq. Anar Bağırovun özünün bilavasitə təşəbbüskarlığı burada önəmli rol oynayır. Müəyyən təkliflər səsləndirilir ki, biz də qanunvericilikdə onları nəzərə alırıq və bu istiqamətdə işlər görürük".

Bunu milllət vəkili Fazil Mustafa e-huquq.az-ın “Hüquq bələdçisi” verlişində qonaq olarkən deyib.

O bildirib ki, məhkəmə-hüquq islahatlarının səmərəliliyi və məhkəmələrə olan inamın artması üçün vəkillik institutunun statusu qalxmalıdır: "“Azərbaycanda vəkillik məhkəmədə çəkişmə prosesində ən çox əzilən tərəfdir. Belə bir yanaşma var ki, sanki vəkil məhkəmənin də, istintaq orqanının da düşmənidir. "Necə edək ki, vəkili susduraq?" tendensiyası dəyişməlidir və dəyişir də. Bir müddət öncə Baş prokuror tərəfindən iki vəkilin mükafatlandırılması, onlara xüsusi təşəkkür bildirilməsi bu tendensiyanı sındırdı. Ümumiyyətlə, hörmətli Anar Bağırovun Vəkillər Kollegiyasına sədr kimi gəlişindən sonra vəkilliyin ictimai dəyəri qalxmağa başladı. Vəkillərin özünə inamı qaytarıldı, vəkilləri müdafiə edə biləcək bir mexanizm quruldu. Bu, çox önəmlidir. Artıq Vəkillər Kollegiyası əzilən, müəyyən dərəcədə hüquqları məhdudlaşdırılan vəkillərə sahib çıxmağa başladı. Bu da məhkəmə çəkişməsində vəkilin rolunu xeyli qaldırmağa səbəb oldu. Çəkişmə prosesində vəkillərin qanunla üzərinə düşən səlahiyyətləri yerinə yetirməsi üçün yolun açılması kifayətdir. Onlara nə ağıl öyrətməyə, nə təlimat verməyə, nə də yeni bir yol göstərməyə ehtiyac var. Sadəcə hər kəs öz vəzifəsində vicdanlı davranmalıdır ki, cəmiyyətdə etibarlılığını möhkəmləndirə bilsin".

F.Mustafa dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı təkliflərə də münasibət bildirib. Deputat bu məbləğin 2 dəfə artırılmalı olduğunu deyib.

“Vəkilin fəaliyyəti intellektual fəaliyyətdir. İntellektual fəaliyyət təkcə hansısa bir vətəndaş üçün ərizəni yazmaq, hansısa bir sənədi hazırlamaq mənasına gəlmir. Yüzlərlə qanunu araşdırmaq, təhlil etmək, onun içərisindən məqbul variantları tapıb işə uyğunlaşdırmaqdan söhbət gedir. Bu intellektual yükü də vəkillər çəkir. Təbii ki, vəkillərin içində vətəndaşları aldadan, problemlər yaradan, qeyri-səmimi davranan insanlar da var. Amma böyük əksəriyyəti peşə əxlaqına bağlı insanlardır. Ona görə də insan hüquqlarının, vətəndaşların pozulmuş qanuni mənafelərinin qorunması üçün vəkilləri təşfiq etmək, stimullaşdırmaq lazımdır. Dövlət hesabına göstərilən hüquqi yardıma görə onlara ödənilən vəsait artırılmalıdır ki, keyfiyyətli müdafiəni təşkil etsinlər. Mən bu rəqəmin ikiqat artırılmasının tərəfdarıyam. Hesab edirəm ki, bunun üçün potensial da var”, – deyə o qeyd edib.

Xəyalə Bünyatova