Bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun yeni ofisinin açılışı keçirilib.
E-huquq.az xəbər verir ki, A.Bağırovu ofis ilə tanış edən büronun müdiri Əmirulla Əlizadə görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otağının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.
A.Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

