Məzmuna keç

“Ukraynada baş verənlər beynəlxalq hüquqa hörmətsizliyin ağır fəsadlar törətdiyini göstərir”

Bu gün Ukraynada baş verən hadisələr onu göstərir ki, beynəlxalq hüquqa hörmətsizlik necə ağır fəsadlar törədir. Hüquq pozuntusu istənilən ölkə və şəxs üçün ağır faciədir.

Bəşəriyyət güclünün sadəcə güclü olduğu üçün hökmranlıq etməsinin qarşısını almaq üçün əsrlər boyu daxili və beynəlxalq hüquq sistemləri formalaşdırmışdır. Bu sistemlərin pozulması, onlara tətbiq edilən yanaşmanın dövlətdən dövlətə və ya şəxsdən şəxsə fərqli olaraq tətbiqi dünyanı xaosa sürükləyir.

Eyni zamanda bu cürə hallar məsələri diplomatik masalardan hərb meydanlarına daşıyır. Azərbaycan Respublikası da illər boyu beynəlxalq hüququn pozulması və bu hüququn tətbiqi zamanı istifadə edilən ikili standartlardan əziyyət çəkmişdir. Yəni şahidi olduğumuz hadisələr bir daha göstərir ki, beynəlxalq hüquq və ona yanaşma sağlam təməllər üzərində qurulmalı, qəbul edilmiş beynəlxalq müqavilələr, konvensiyalar və digər razılaşmalar kağız üzərində qalmamalı, qeyd-şərtsiz icra edilməlidir.
İllərdir dünyada, xüsusən ərəb ölkələrində baş verənlər dünyanın qərb qütbünün hüquqdan daha çox hərbi zorakılıq metoduna üstünlük verməsi, dövlətləri və xalqları milli və etnik tərkibinə görə fərqləndirməsi də bu gün baş verən hadisələrə təkan verən amillərdəndir.

Hazırda Ukraynada olanlara sadəcə Rusiyanın ətraf ərazilərin işğalı niyyəti kimi baxılmamalıdır. Burada eyni zamanda NATO alyansının öz sərhədlərini genişləndirmək, hərbi ekspansiyanın miqyasının böyüdülməsi cəhdlərinin təzahürü kimi baxmaq məncə daha doğru olar. Rusiya mahiyyət etibarilə imperialist dövlətdir və onun sərhədlərinin yaxınlığında baş verən güc yerdəyişməsinə biganə qalacağını düşünmək sadəlöhvlük olardı. İstənilən halda beynəlxalq birgəyaşayış qaydalarının pozulması və hərbi müdaxilə qınanılmalı, bunun dərhal dayandırılmasının tələb edilməsi labüd olmalıdır. Amma bu dediyim kimi bu məsələnin sadəcə görünən tərəfidir.

Təəssüf ki, hərbi müstəvidə hüquq anlayışı arxa plana keçir. Qərb nəyəsə görə hadisələrin əsas səbəblərini açıqlamaq və Rusiya Prezidentinin çıxışlarında səsləndirdiyi fikir və ittihamları şərh etmək istəmir. Çünki müəyyən mənada öz kompromissiz mövqeyinin yaranmış durumda əsas amillərdən biri olmasına diqqət cəlb etmək istəmir. Onlar niyə bu münaqişədə bilavasitə iştirak etmək istəmir! Çünki dünyanın savaş alovuna bürünməsində öz təqsirlərinin da olduğunu bilirlər. Qərb Ukrayna xalqını öz qonşusu olan Rusiya kimi bir güclü dövlətlə üz-üzə qoymaq üçün əlindən gələni etdi. Bəli hər bir dövlətin azad seçim etmək və kimin yanında olmaq seçimini etmək kimi bir hüququ var. Lakin istənilən halda belə seçimlər real zaman rejimində dünyada olan güc nisbəti, dövlətin yerləşdiyi geosiyasi faktorlar, tarixi və milli əlaqələr nəzərə alınmadan edilə bilməz. Bu səhvi edən hökumətlər həmişə xalqı fəlakətə sürükləyib. Bütün münaqişələr kimi Ukrayna münaqişəsinin son ünvanı sülh və diplomatik danışıqlar olacaq. Lakin bütün bu hadisələrdən sonra kimin əlinin bu masada güclü olacağını təxmin etmək çətin deyil.

Eyni zamanda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dərin effektə malik olacağını düşünmək yanlış olardı. Çünki Rusiya Federasiyası kimi strateji dövlət aparatına malik bir dövlətin hadisələrin sonrakı inkişafını, o cümlədən sanksiyaları hesaba almaması mümkün deyildi.

Bəli, regionda yeni geosiyasi xəritə formalaşmaqdadır. Hadisələrin inkişafı uzunmüddətli olacaq. Bu xəritədə istər köhnə oyunçuların, istərsə də yeni oyunçuların yeri dəyişəcək. Düşünürəm ki, hər şey diplomatiyanın sürətindən və dünyanın yeni yaranmış mövcüd olan reallıqları qəbul edərək onlara sağlam reaksiyasından asılı olacaq.

Vüqar Babayev

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü