"Son illər Azərbaycanda qadın vəkillərin sayı artıb".
E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, son 4 ildə qadın vəkillərin sayının 3 dəfə artdığını bildirib: "Son illərdə 254 qadın Vəkillər Kollegiyasına üzv olub. Hazırda 381 xanım vəkil Bakıda və regionlarda fəaliyyət göstərir. Amma biz çox istərdik ki, hazırda 18 faiz təşkil edən qadın vəkillərin sayı daha da artsın. Çünki başqa ölkələrdə qadın və kişi vəkillərin sayı bərabərdir".
Sədr hüquqşünas xanımları vəkillik fəaliyyəti ilə məşğul olmağa çağırıb: "Ali təhsil müəssisələrində hüquqşünas tələbələr arasında xanım və kişilərin sayı bərabərdir. Amma sonradan bir çoxu ola bilsin, müəyyən mental xüsusiyyətlərə və ya başqa səbəblərə görə işləmirlər. Nəticədə, biz böyük potensiala malik, ehtiyacımız olan xanım vəkillərdən məhrum oluruq. Mən bütün hüquqşünas xanımları işləməyə dəvət edirəm. Vəkillər Kollegiyasına üz olub, insanların hüquq və azadlıqlarını müdafiə etməyə çağırıram".
Xəyalə Bünyatova
