Məzmuna keç

“Məişət zorakılığından zərər çəkənlərə dövlət hesabına hüquqi yardımın göstərilməsinə ehtiyac var”

"Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsinə ehtiyac var”.

Bunu e-huquq.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, artıq bununla bağlı layihə hazırlanıb: “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı qəbul olunub. Məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı mexanizmin işlənib hazırlanması da həmin planda nəzərdə tulutub. Biz bununla bağlı bir layihə işləyib hazırlamışıq. Həmin layihə aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. Bilirsiniz ki, qanunvericilikdə mülki işlər üzrə yalnız yuxarı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi nəzərdə tutulub. Lakin məişət zorakılğından zərər çəkən şəxslərin hər bir məhkəmə instansiyasında, dövlət orqanlarına müraciətdə, qısa və ya uzunmüddətli mühafizə orderlərinin alınmasında hüquqi yardıma böyük ehtiyacları olur. Bu baxımdan belə bir normativ-hüquqi aktın olması vacibdir”.

T.İbrahimova ödənişsiz hüquqi yardım göstərmək istəyən vəkillərin vahid reyestrinin yaradılmasını yüksək qiymətləndirib. O, Dövlət Komitəsinin reyestrə daxil olan vəkillərlə əməkdaşlıq edəcəyini bildirib.

“Gələcəkdə pulsuz hüquqi yardım haqqında qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulub. Düşünürəm ki, belə bir qanun qəbul edilsə, həssas qruplardan olan müxtəlif neqativ hallara görə zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardımın göstərilməsi artıq xüsusi qanunla tənzimlənəcək və artıq burada boşluqlar olmayacaq. Məlum olduğu kimi, ölkəmizdə ödənişsiz hüquqi yardım göstərmək istəyən vəkillərin vahid reyestri də yaradılıb. Həmin reyestrə üzv olan vəkillər könüllü olaraq, aztəminatlı şəxslərə hüquqi yardım göstərirlər. Bu, çox yaxşı bir haldır. Komitə olaraq, biz də o reyesterdəki vəkillərə müraciət etməyə, onlarla əməkdaşlığa hər zaman hazırıq. Məişət zorakılığından zərərçəkmiş şəxsləri də məhz bu vəkillərə yönəldəcəyik”, – deyə şöbə müdiri qeyd edib.

Xəyalə Bünyatova