Məzmuna keç

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edildi

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən olunub.

DİM-dən E-huquq.az-a bildirilib ki, elan üzrə 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1043 namizədlə 1611 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 86 namizəd), Dövlət Statistika Komitəsi Bakı Şəhəri Statistika İdarəsi, maliyyə və təsərrüfat sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 74 namizəd) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Dəniz Agentliyi, Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi, Kadr sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Gənclər və İdman Nazirliyi, Sabunçu rayon Gİİ məsləhətçi (1 vakant yer üzrə 37 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, məsləhətçi – komüter proqramçısı (1 vakant yer üzrə 31 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin sentyabrın 23-dən dekabrın 26-dək keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adını seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.