Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının Plenar iclası keçirilib.
İclasda iştirak edən Ali Məhkəmənin hakimi Sənan Hacıyev E-huquq.az-a açıqlamasında bildirib ki, 15-18 sentyabr tarixlərində baş tutan tədbirdə Polşa, Macarıstan, Türkiyə və başqa ölkələrin məhkəmə hakimiyyətində olan problemlər müzakirə olunub: “Eyni zamanda hakimlərin müstəqilliyinin təminatı məsələsi, məhkəmə qərarlarının icrası vəziyyəti və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı”.
S. Hacıyev qeyd edib ki, iclasda Azərbaycan Hakimlər Assosiasiyasının və Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov və Yasamal Rayon Məhkəməsinin hakimi, CEPEJ-in prezidenti Ramin Qurbanov da iştirak ediblər. R. Qurbanov məruzə ilə çıxış edib.
Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində Beynelxalq Hakimlər Assosiasiyasinin Konqresi və beynəlxalq forumda da iştirak etdiklərini deyən S. Hacıyev tədbirlərin əhəmiyyətinə toxunaraq, ölkəmizin inzibati-məhkəmə sisteminin digər ölkələr tərəfindən maraqla qarşılandığını vurğulayıb.
