Məzmuna keç

İstanbul Vəkillər Kollegiyasının sədri: “Türkiyə və Azərbaycan vəkilləri arasında sıx münasibətlər mövcuddur”

İstanbul Vəkillər Kollegiyasının sədri Mehmet Durakoğlunun e-huquq.az-a müsahibəsini təqdim edirik:

İstərdik ilk növbədə İstanbul Vəkillər Kollegiyasının fəaliyyətinə qısa bir nəzərə salaq. Ötən müddət ərzində hansı nailiyyətləriniz olub?

– Pandemiya dönəmi olduğuna görə fəaliyyətimizin böyük bir qismi vəkillərimizin həmrəyli şəraitində keçdi. Bu müddət ərzində xüsusilə həmkarlarımızın maddi çətinlikdən çıxmalarını təmin edəcək işlər görməyə çalışdıq. Bəzi bankarla razılıq əldə etdik. "Askıda fatura" adlandırdığımız tətbiq vasitəsilə vəkillərimiz borclarını ödəməkdə çətinlik çəkən həmkarlarına dəstək oldular. Banklarla əldə etdiyimiz razılıqlara əsasən, onların kreditlə təmin olunmasına çalışdıq. Öz vəqfimiz vasitəsilə də bəzi yardımlar etməyə çalışdıq. Pandemiya dönəmini mümkün olduğu qədər ağrısız keçirməyə çalışdıq. Amma çox uğurlu olduğumuzu deyə bilmərəm. Çünki həqiqətən də çox ağır bir dövr oldu. Məhkəmələr bağlandı, vəkillik fəaliyyətini faktiki olaraq həyata keçirmək mümkün deyildi. Ötən il isə onlayn sistemin yavaş-yavaş tətbiq olunması ilə daha çox texniki məsələlərə diqqət verməyə çalışdıq. Texniki sahədə çox ciddi işlərimiz oldu.

Təsəvvür edin ki, bizdə hər il 6 min təcrübəçi olur və biz pandemiya dövründə də onlara lazımi təhsili verə bildik.Təcrübəçilərin böyük əksəriyyəti məcburi hüquqi müdafiə dərsləri (zorunlu müdafilik dersleri) alırlar. Biz onlara intensiv təlim keçə bildik. Son 3 ildir tətbiq etdiyimiz bir layihəni 2021-ci ildə də davam etdirə bildik. Türkiyədə vəkillərin sayının artmasından qaynaqlanan iqtisadi problemlər var. Bu problemləri aradan qaldırmaq üçün ixtisaslaşmış vəkil anlayışını gətirdik. Xüsusilə də texnoloji inkişaf nəticəsində qarşıdakı dövrdə vəkilliyin ciddi dəyişikliyə uğrayacağını gördüyümüz üçün gənc vəkillərin ixtisaslaşmasına çalışdıq.

Peşə Təlimi Mərkəzini gücləndirdik. Davamlı olaraq vəkillərin, xüsusilə də gənc vəkillərin bir neçə sahədə ixtisaslaşmasını təmin edəcək təlimlər verməyə başladıq. Həmçinin gələcəyin vəkil modeli üçün şərt olaraq gördüyümüz xarici dil tədrisinə başladıq. İndi bir neçə sahədə ixtisaslaşmış və yaxşı ingiliscə bilən vəkillər yetişdirməyə çalışırıq. Bu layihəmiz artıq 3 ildir ki, davam edir və bunun çox faydalı nəticələri görürük.

Bu gün Türkiyədə vəkillərin peşə fəaliyyətlərini həyata keçirərkən qarşılaşdıqları əsas problemlər hansılardır?

– Biz uzun müddətdir ki, vəkillərin artımı problemi ilə qarşı-qarşıyayıq. Hazırda Türkiyə 160 mindən çox, İstanbulda isə 55 mindən çox vəkil var. Bu rəqəmlər ehtiyacı ifadə edən rəqəmlər deyil. Ehtiyacı həddən artıq üstələyən rəqəmlərdir. Hüquq fakültələrinin sayı durmadan artır. Hazırda təxminən 90 hüquq fakültəsi məzun buraxır. Ümumilikdə isə 130-a yaxın da hüquq fakültəsi var. Görünür, bu artım hələ davam edəcək. 2024-cü ildən peşə ixtisası imtahanın keçirilməsi nəzərdə tutulut. O zamana qədər bu artımın davam edəcəyini düşünürük. Bu artım özü ilə bərabər çox ciddi problemlər gətirir. Hüquq fakültələrdə çox ciddi çatışmazlıqların olması ixtisaslaşmış vəkillərin yetişməsinə mane olur. Biz bu gün qeyri-kafi hüquq təhsili alaraq diplom almış vəkillərlə qarşılaşırıq. Onların bizim müqəddəs hesab etdiyimiz peşəmizə yaraşan bir vəkil olmaları üçün çatışmazlıqlarını özümüz tamamlağa məcbur oluruq.

Hüquq fakültələrinin çox olması vəkillərin sayının artmasına, bu da öz növbəsində bir çox problemlərə gətirib çıxarır: ixtisaslaşma problemi, intizam problemləri, iqtisadi problemlər. Biz vəkillərin çox böyük bir hissəsinin ciddi maddi sıxıntı içərisində olduğu reallığı ilə qarşı-qarşıya qaldıq. Bu, rəqabət mühitini aradan qaldırdı. Reklam qadağası kimi əsas qadağaların ciddi şəkildə pozulmasına səbəb oldu. İndi bizim əsas problemimiz budur. Biz bu problemi həll etməyə çalışırıq.

Bir müddət əvvəl vəkillərin də ƏDV-nin azaldılmasını istədiyi barədə məlumat yayılmışdı. Bu haqda nə deyə bilərsiniz?

– Bəli, doğrudan da, əsas istehlak xərcləri üzrə ƏDV-nin 1% olduğu halda, məsələn, vəkillərə verilən etibarnamə üçün 18% ƏDV tətbiq edilməsi çox ciddi fərqdir. Halbuki, məhkəmə, ədalətin təmin edilməsi əsas istehlak mallarının xərclənməsi ilə bərabər tutulmalıdır. Dövlətin vəkildə ngəlir vergisindən əlavə, ƏDV-dən də qazanmaq istəməsi doğru deyil. İllərdir ki, biz bunu deyirik. Hətta dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin bir müddət sonra yenidən dövlət tərəfindən geri alınmasına son qoyulmalı olduğunu desək də, hələ ki, uğurlu nəticə əldə edə bilməmişik. Amma bu məsələdə mübarizəmizi davam etdirəcəyik.

Azərbaycan və Türkiyənin vəkillik sahəsində əməkdaşlığı barədə nə deyə bilərsiz? Bu sahədə hansı birgə layihələr nəzərdə tutulur?

– Azərbaycan bizim üçün doğma olduğu qədər, Azərbaycan vəkilləri də doğmadır. Onlar haqqında hər hansı başqa bir ölkənin vəkillərdən danışırmış kimi danışmağımız mümkün deyil. Biz "Bir millət, iki dövlət" olaraq bir-birimizi dost və qardaş olaraq görürük. Ona görə də Azərbaycan vəkilləri ilə çox sıx əlaqələrimiz var. Bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkənin vəkilliyinin qarşıya qoyduğu hədəflərdən olmalıdır.