Məzmuna keç

“Bəzi vətəndaşlar elə bilir ki, hər ərizə yazan vəkildir”

"Uzun sürən müşahidələrimdən sonra mənə aydın olub ki, bəzi vətəndaşlar hələ də vaxtilə məhkəmədə onlara hüquqi yardım göstərən, ərizə yazan, lakin vəkil və hüquqşünas olmayan şəxsləri vəkillərlə ciddi sürətdə qarışdırırlar. Elə bilirlər ki, kim onlar üçün ərizə yazıbsa və ya hər hansı formada hüquqi yardım göstəribsə, həmin şəxs vəkildir".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, vaxtilə nümayəndəlik institutunun fəaliyyət göstərməsi vəkillərin nüfuzuna zərbə vurub: "Qanunvericilikdən, hüquq nəzəriyyəsindən, ümumiyyətlə hüququn təbiətindən anlayışı olmayan şəxslərin göstərdiyi hüqquqi xidmət keyfiyyətli və peşəkar ola bilməzdi. Ona görə də vaxtilə etibarnamə əsasında vəkil və hüquqşünas olmayan şəxslərin hüquqi təmsilçiliyi vəkillərə olan etimadı sarsmışdı. Amma nümayəndəlik fəaliyyəti ilə məşğul olan şəxslərin haqqına girməmək üçün onu da qeyd etməliyəm ki, onların da arasında dürüst və vicdanlı şəxslər olub. Hətta bəziləri vəkilliyə qəbul imtahanından müvəffəqiyyətlə keçərək hazırda vəkillik fəaliyyəti ilə məşğul olurlar".

Vəkil bildirib ki, vətəndaşlar hüquqi yardımla bağlı müraciət edərkən diqqətli olmalıdırlar: "Hər ərizə yazan, hüquqi yardım göstərən şəxs vəkil deyil. Vəkil olmaq üçün çoxpilləli imtahandan keçmək lazımdır. Bütün vəkillər hüquqşünas olsa da, bütün hüquqşünaslar vəkil deyil. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8.1-ci maddəsinə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı olan, yazılı test və şifahi müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, habelə müvafiq icra hakimiyyəti orqanında, tədris elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər vəkil ola bilər. Ona görə də ilk növbədə aydınlaşdırmaq lazımdır ki, sizə hüquqi yardım göstərən şəxs həqiqətən vəkildir ya yox. Onu da qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə, yəni "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulmuş şəkildə vəkil statusu əldə etməmiş və gəlir əldə etmək məqsədilə vəkil adından qanunsuz istifadəyə görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 600 manatdan 800 manatadək miqdarda cərimə olunur".

T.Abdullazadə bəzi hallarda vəkillərin vətəndaşları aldatması haqqında deyilən fikirlərə də münasibət bildirib.

"Yalançılıq peşə ilə yox, şəxsiyyət və onu vicdanı ilə bağlı olan məsələdir. Bu təkcə vəkilliyə xas olan bir şey deyil, hər peşədə yalançılar ola bilər. Amma əminliklə deyə bilərəm ki, bu gün vətəndaşların maraqlarını sonuna qədər müdafiə edən kifayət qədər vəkil var. Buna tam arxayın ola bilərlər", – deyə o qeyd edib.