Məzmuna keç

Millət vəkili: “Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”

"Dünən Brüssel şəhərində Avropa İttihaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçüncü görüş baş tutdu. Çox yaxşı haldır ki, üçüncü görüşdə Azərbaycanın əvvəllər irəli sürdüyü şərtlər əsasında müzakirələr və qərarlar qəbul olunub".

Bunu e-huquq.az-a açıqlamasında Mili Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, Şarl Mişelin bəyanatı bir daha onu göstərdi ki, əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarına tam uyğundur: "Bura sərhədlərin delimitasiya və demarkasiya komissiyasının yaxın zamanlarda iki dövlət sərhəddinə yaxın yerdə görüşünün təşkil olunması və fəaliyyətə başlaması da daxildir. İkinci məsələ, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın, münasibətlərin bərpası istiqamətində görülən işlər və baş nazirlərə İqtisadi Məşvərət Şurasının fəaliyyətini bərpa etməsi ilə bağlı verilən tapşırıqları qeyd etmək olar".

Ermənistan tərəfinin bu razılaşmalara əməl edib-etməyəcəyinə gəlincə, deputat qeyd edib ki, Ermanistan dövlət olaraq müstəqil siyasət yürütmək iqtidarında deyil.

"Əvvəlki görüş bu formatda aprelin 6-sı gerçəkləşmişdi. Və o görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü beş sərt prinsip olaraq qəbul olunmuşdu. Ermənistanın daxilində yaşanmış ictimai-siyasi sabitliyin pozulması qatı və millətçi keçmiş Qarabağ klanının təşkil etdiyi mitinqlər, eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra xarici işlər naziri Mirzoyanın bəyanatı əldə olunmuş razılaşmaların icra olunmasını əngəllədi. Bu onu göstərir ki, Ermənistan siyasi hakimiyyətində ciddi fikir ayrılıqları var və onlar maksimum çalışırlar ki, yaranmış vəziyyətdən özləri üçün istifadə etsinlər. Ermənistanda daxildə və xaricdə kifayət qədər hakimiyyətə təzyiqlər var. Çox təəssüflər olsun ki, Nikol Paşinyan özünün imza ataraq götürdüyü öhdəliklərdən yayınır. Yəni, 10 noyabr razılaşması, Moskvada olan üçtərəfli 11 yanvar razılaşması, Soçi görüşündən sonra əldə olunan razılaşmaları da Paşinyan icra etmədi. Məhz Ermənistanın destruktiv yanaşması sülhün əldə olmasına əngəl törədir. İndiyə qədər də kommunikasiyalar, Zəngəzur dəhlizi açılmayıb, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmayıb. Bunlar Ermənistanın günahı ucbatından baş verib.

Brüssel görüşü ayın 6-da baş tutdu, ondan bir neçə gün sonra Paşinyanın Moskvaya səfəri baş tutdu. Düşünürəm ki, orada təzyiqlərlə rastlaşdı və daxildə onun əleyhinə mitinqlər başladı. Bu da prosesləri ləngitdi. O baxımdan Azərbaycan mərhələli şəkildə öz siyasətini həyata keçirir. Dünənki görüşdən sonra Şarl Mişelin bəyanatında Dağlıq Qarabağ münaqişəsinin adının çəkilməməsi, eyni zamanda hansısa statusdan danışılmaması Azərbaycan diplomatiyasının uğurudur. Mən hesab edirəm ki, artıq Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ konflikti adında münaqişə yoxdur. Bu siyasi leksikondan çıxarılıb. Başqa məsələdir ki, Qarabağda yaşayan, Azərbaycan vətəndaşları olan ermənilərin hüquqlarının qorunmasını Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Onların hüquqlarının, təhlükəsizliyinin qorunması Azərbaycan Respublikası tərəfindən qarant kimi təqdim olunur. Yəni, Azərbaycan dövləti onların hüquqlarının qorunmasında bir qarantdır. Separatçılığa yol vermədən Azərbaycanda yaşayan digər çoxsaylı etniklərin əldə etdikləri hüquqları onlar da əldə edəcəkər.

Digər məsələlər unitar xarakterli məsələlərdi, o da hesab edirəm ki, bizim qaldırdığımız məsələlərdə öz əksini tapıb. Bunlar mina xəritələrinin tam şəkildə təqdim olunması və birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın vətəndaşımızın taleyi ilə bağlıdır. Burada da Avropa Şurası ilə Azərbaycanın mövqeyi tam üst-üstə düşür. Ermənistan dövləti təbii ki, bu suallara cavab verməlidir. Təbi ki, uzun illər düşmənçilik edəndən sonra Ermənistan və Azərbaycan xalqları arasında birdən sülhün əldə olunması müşkül məsələdir. Ancaq bu istiqamətdə müzakirələrin başlanılması təqdirəlayiq haldır. Biz bunu yüksək qiymətləndiririk. Kommunikasiyalar açıldıqdan sonra dəhlizlərin təhlukəsizliyi, gömrük keçid məntəqələrinin fəaliyyəti, sərhəd baxışı məsələlərin aparılması beynəlxalq qanunlarla tənzimlənəcək. Hesab edirəm ki, böyük, dayanıqlı sülhün əldə edilməsində iqtisadi əməkdaşlıq, kommunkasiyaların açılmas bir açar rolunu oynaya bilər. Bütövlükdə mən Brüssel görüşünü müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan diplomatiyasının növbəti uğurudur, qələbəsidir", – deyə N. Məhəməliyev vurğulayıb.

Rəşid Qarayev