İnsan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından vəkillik təsisatının rolu əvəzsizdir.
İnstitusional səviyyədə vəkillik 30 iyul 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin qərarı ilə Azərbaycan Məhkəmə Palatası Dairəsi üzrə Andlı Müvəkkillər Şurasının təşkili işinə başlanılmışdır. 1970-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi təsis edilmiş və nazirliyin Əsasnaməsinin 6-cı maddəsində nazirliyin vəkillər sisteminə ümumi rəhbərliyi həyata keçirməsi qeyd olunmuşdur. Həmin ilin dekrabın 25-də isə SSRİ Ədliyyə Nazirliyinin "Vəkillər Kollegiyasının fəaliyyətinə rəhbərliyi yaxşılaşdırmaq haqqında” əmrdə aşağıdakı ifadələr qeyd olunmuşdur: "Vəkillər sistemi təsisatının nüfuzunu daha da yüksəltmək, vəkillərin qanunla onlara verilən hüquqlardan daha dolğun istifadəsini təmin etmək, hüquq məsləhətxanalarının və vəkillərin normal işləmələrindən ötrü şərait yaradılmasına kömək etmək məqsədilə ədliyyə nazirlikləri qarşısında yeni vəzifələr qoyulur”.
Vəkilliyin müstəqil təsisat kimi formalaşması Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisata dönmüş və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis olundu.
Həmçinin 22 fevral 2018-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qeyd olunan tədbirlər müstəvisində tarixi əhəmiyyətə malikdir. Belə ki, sərəncamın preambulasında qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bu sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və bu sahənin inkişafı ilə bağlı digər məsələlər öz əksini tapmışdır.
2019-cu ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.
Vəkillik təsisatının inkişafının məntiqi davamı olaraq 13 may 2022-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının həmin təşkilata üzv qəbul olunaraq müşahidəçi statusu əldə etməsi xüsusilə qeyd edilməlidir. Son 4 ildə vəkillik təsisatının inkişafı üçün görülən işlərin fonunda ən mötəbər nailiyyət məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bu Şuraya üzv qəbul edilməsidir. Yarandığı gündən Avropa hüquqşünaslarının fikirlərini irəli sürməkdə və demokratiyanın əsas götürüldüyü hüquq prinsiplərini müdafiə edən bu beynəlxalq birlik Avropa hüquq peşəsinin səsi kimi qəbul edilir.
Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını və 1 milyondan çox vəkili birləşdirən CCBE-nin fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsini təşkil etməkdir. Ədalət mühakiməsinə çıxış hüququ daxil olmaqla xüsusi narahatlıq doğuran sahələrə, o cümlədən ədalət mühakiməsi proseslərinin rəqəmsallaşdırılması, qanunun aliliyinin inkişafı və peşənin əsas dəyərlərinin təbliği və müdafiəsi vasitəsilə müştərinin müdafiəsi bu təşkilatın əsas fəaliyyət istiqamətlərinə aiddir. Bu üzvlük Azərbaycan vəkillərinin avropalı vəkillər, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, onların Avropada təcrübə keçmək imkanlarının formalaşmasına müsbət təsir göstərəcək. Həmçinin, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda, Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır.
Vəkillik təsisatının formalaşdırılması və inkişafı prosesində əldə edilmiş bütün bu nailiyyətlər, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nüfuzlu qurumlarda təmsil edilməsi insan hüquq və azadlıqlarının yerli və beynəlxalq səviyyədə təminatlandırılmasının yeni metodlarının yaranmasına, Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə dair həqiqətlərin beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırılmasına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent praktikasının daha yaxından öyrənilməsinə, vəkil peşəsinə həvəsin artırılmasına böyük təkan olacaq.
Şaiq Mirzəyev
"Mirzayev and Partners Law Firm" hüquq şirkətnin Baş direktoru, Hüquq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
