Ukrayna Milli Vəkillər Assosiasiyasının (NAAU) sədri Lidiya İzovitova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə azərbaycanlı həmkarı Anar Bağırova təbrik məktubu göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Milli Vəkillər Assosiasiyasının rəsmi saytında məlumat yerləşdirilib.
L. İzovitova Anar Bağırova vəkillik institutunun gücləndirilməsi, o cümlədən Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq potensialının üzə çıxarılması və vəkillik peşəsinin xüsusi missiyasının layiqincə yerinə yetirilməsi ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə nail olmağı arzulayıb.
"11-14 may 2022-ci il tarixlərində Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunması Azərbaycan Vəkillər Kollegiyasınln gərgin çalışmasının nəticəsidir. 2017-ci ildən bəri yorulmadan çalışdınız və bütün səylərinizin təsirli nəticəsi təqdirəlayiqdir.
Azərbaycan Vəkillər Kollegiyası rəsmi olaraq 60 ildən artıq tarixə malik olan, hazırda 45 ölkənin təmsil olunduğu və bir milyondan çox avropalı hüquqşünasın birləşdiyi nüfuzlu beynəlxalq təşkilatın bir hissəsinə çevrilib.
Mən əminəm ki, həm Ukrayna Milli Vəkillər Assosiasiyası, həm də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE-yə üzvlüyü Avropa ölkələrinin peşəkar qurumları ilə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanda vəkillik peşəsinin nüfuzunun artırılması üçün geniş imkanlar açacaq. Biz Avropa hüquq birliyinə inteqrasiya etməklə insan hüquqları standartlarının və qanunun aliliyinin təkmilləşdirilməsinə töhfə veririk”, – deyə təbrik məktubunda qeyd olunub.
