Şəki Ağır Cinayətlər məhkəməsinin sədri, hakim Rafael Əliyev vəkil Babək Həmidov barəsində Vəkillər Kollegiyasına təqdimat yazıb.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil B.Həmidov bildirib.
Vəkil hakimin şikayətinin qərəzli olduğunu iddia edib: "Cinayət işi üzrə bütün proses boyu ittihamedici mövqeyinə, iş materiallarında olan sübutların əksik olmasına, vəsatətlərimin heç bir əsaslandırma olmadan, sadəcə bir cümlə ilə rədd edilməsinə, bununla da vəkil kimi müdafiəmin hakim Rafael Əliyev tərəfindən de-fakto bloklanmasına etiraz etməyim səbəbi ilə yaranan mübahisələrdən hakim Rafael Əliyev haqqımda Vəkillər Kollegiyasına təqdimat göndərib. Hakimin vəkil haqqında şikayət etməsi də normal hüquqi prosedurdur. Lakin şikayətə mövzuya aidiyyatı olmayan, mənim sosial şəbəkələrdə paylaşdığım statusları, tvitləri "skrinşot" edərək əlavə etməsi adıçəkilən hakimin məsələni şəxsiləşdirməsinin və şikayətinin əslində mənim vəkillik fəaliyyətimə deyil, şəxsimə yönələn qərəzinin göstəricisidir".
B.Həmidov Vəkillər Kollegiyasının İntizam Komissiyasının və Rəyasət Heyətinin şikayətə ədalətli baxacağına əminliyini ifadə edib.
