"Serbiya-Kosova gərginliyinin genişmiqyaslı müharibə səviyyəsinə çatacağını zənn etmirəm".
Bunu e-huquq.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, müharibə olacağı təqdirdə NATO ilə toqquşmaya gətirib çıxara bilər: "Serbiyanın bir dəfə belə bir acı təcrübəsi olub. 1999-cu ildə elə Kosovaya görə NATO ilə üz-üzə qalıblar, hətta o zaman NATO Serbiyanın paytaxtı Belqradı bombalamışdı. Amma indi vəziyyətin bu həddə gəlib çatacağı gözlənilmir".
Politoloqun sözlərinə görə, belə bir müharibənin olması beynəlxalq aləmdə vəziyyəti daha da gərginləşdirə bilər və beynəlxalq təşkilatlar buna imkan verməyəcək.
"Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Serbiya-Kosova gərginliyininin müharibəyə çevrilməsi Rusiyanın maraqlarına cavab verər. Rusiya da istəyər ki, Avropada bir münaqişə ocağı yaransın. Ona görə də hesab edirəm ki, NATO və digər beynəlxalq təşkilatlar Rusiyaya belə bir imkanı tanımamaq üçün fəaliyyətlərini genişləndirəcəklər. Düşünürəm ki, Kosova və Serbiya arasında intensiv danışıqlar apararaq indiki mürəkkəb situasiyadan çıxış yollarını tapacaqlar", – deyə E.Şahinoğlu qeyd edib.
Rəşid Qarayev
