1 iyun Ümumdünya Uşaqlar Günü münasibətilə Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədr müavini Pərviz Ələkbərov, Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri paytaxtın Şağan qəsəbəsində yerləşən 1 Saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün sosial xidmət müəssisəsində xüsusi qayğıya ehtiyac duyan fiziki qüsurlu uşaqları ziyarət ediblər.
Bu barədə e-huquq.az-a 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova məlumat verib.
Onun sözlərinə görə, vəkillər bu gün həmin müəssisədə tərbiyə olunan uşaqlar üçün müxtəlif tədbirlər təşkil edib, rəngarəng hədiyyələrlə onları sevindiriblər: "Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Prezidentimiz demişdir ki, "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir". Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə davam edən silsilə tədbirlər içərisində uşaq müəssisələrinə qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Vəkillər Kollegiyası rəhbərliyinin bilavasitə diqqəti və qayğısı ilə əhatə olunan tədbirlər sırasına uşaq evlərinin və xəstə uşaqlar üçün nəzərdə tutulan məktəb evlərinin ziyarəti xüsusi ilə önəm daşıyır. Uşaqlara qayğı Vəkillər Kollegiyasının daim diqqət mərkəzindədir".
