Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikasiya edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dumadan bildirilib.
Dumanın bugünkü iclasında Rusiya xarici işlər naziri, Rusiya Prezidentinin sözügedən qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.
S.Lavrov deputatları həmin qanun layihəsini təsdiqləməyə çağırıb.
Ardınca Dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikov və parlamentin spikeri Vyaçeslav Volodin çıxış ediblər.
Sonda qanun layihəsi səsə qoyulub.
İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verərək sənədi təsdiqləyib.
Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.
