Məzmuna keç

Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü

Rusiyanın İrkutsk şəhərində Su-30 qırıcı təyyarəsi 2 mərtəbəli yaşayış evinin üzərinə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə bazar günü özünün "Telegram" kanalında İrkutsk vilayətinin qubernatoru İqor Kobzev yazıb.

"İlkin məlumatlara görə, İrkutskda "Su" kateqoriyalı təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Hadisə yerinə gedirəm", – deyə qubernator bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təyyarənin binanın üzərinə düşməsi nəticəsində yanğın başlayıb.

"Sınaq uçuşu zamanı Su-30 təyyarəsi qəzaya uğrayıb. Təyyarə şəhərdə, fərdi yaşayış evləri sektorunda qəzaya uğrayıb", – deyə Rusiya FHN-dən bildirilib.

Məlumata görə, təyyarənin 2 mərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində 2 nəfər ölüb: "İki pilot həlak olub, əhali arasında itki yoxdur. Yanğın lokallaşdırılıb".