Məzmuna keç

“Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası sıx əməkdaşlıq edir”

"Uzun müddətdir Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq həyata keçirilir. Birgə əməkdaşlığımız çərçivəsində bizim birgə tədbirlərimiz – ictimai müzakirələr, açıq qapı günləri, brifinqlərimiz keçirilmişdir ki, bu da ictimaiyyət üçün faydalı olmuşdur. Eyni zamanda vəkillər üçün Ədliyyə Akademiyasında təlimlər, ixtisasartırma kursları təşkil olunur, təlimçi vəkillər hazırlanır".

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

Nazirlik rəsmisi vəkillərin penitensiar müəssisələrində həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyalarına toxunub: "Mütəmadi xarakter daşıyan bu aksiyalardan məhkumlar çox geniş bəhrələnirlər. Bu işdə Anar müəllimin dəstəyi böyükdür. Düşünürəm ki, bugünkü tədbirimiz qarşılıqlı fəaliyyətimizə əlavə töhfə verəcəkdir. Belə bir görüşümüz ölkədə pandemiyanın davam etdiyi şəraitdə ötən ilin bu günlərində videoformatda olmuşdur. Şükürlər olsun ki, artıq pandemiya sovuşmuşdur və biz bu gün canlı formatda görüşə bilirik. Keçənilki görüşümüz də “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi”nə həsr olunmuşdur. İKT-lərin tətbiqi günümüzün tələbidir. Elə bir sahə yoxdur ki, orada İKT-lər, innovasiyalar tətbiq olunmasın. Gündəlik həyatımızın, fəaliyyətimizin hər bir parçası məhz texnologiyadan – kompüter, internet, mobil telefondan istifadə etməklə bağlıdır.

Vəkillər Kollegiyası da fəaliyyətini məhz innovativ metodlar əsasında həyata keçirir. Onlardan biri də məhkəmə prosesinin tərəfləri olaraq siz vəkillərin də mütəmadi istifadə etdiyi “Elektron məhkəmə” sistemidir.

Ötən bir il ərzində “Elektron məhkəmə” sistemində bir çox yeniliklər baş vermişdir. Bu barədə həmkarım sizlərə məlumat verəcəkdir. Mən digər bir yenilik barədə qısaca məlumat vermək istərdim. Hansı ki, bu yenilik vətəndaşlarla yanaşı, bütün hüquqşünaslar, o cümlədən bütün günü qanunvericiliklə işləyən vəkillər üçün də əhəmiyyətli və faydalıdır. Bu qanunvericiliyin “e-qanun.az” saytının mobil tətbiqidir. Artıq biz onu istifadəyə vermişik və ictimaiyyət üçün, universitetlərdə tələbə hüquqşünaslara, ötən şənbə günü isə hakimlərə təqdimatını keçirmişik.

Bildiyiniz ki, e-qanun.az saytında on minlərlə normativ hüquqi akt var və daim yenilənir. Artıq hər birimiz saytın mobil tətbiqini elektron platformalardan telefonumuza pulsuz yükləməklə daha asan və çevik istifadə edə bilirik. İşləməsi də çox rahatdır, ən iri həcmli sənədlər, məcəllələr ani vaxt rejimində yüklənir. Asanlıqla axtarış aparıb istəyimiz sənədi telefonumuzda açıb tanış ola bilirik. Sizlər də bu mobil tətbiqi yükləyib asanlıqla istifadə edə bilərsiniz".

A. Sabitova vurğulayıb ki, nazirlik təkliflərə və təşəbbüslərə hər zaman açıqdır, əgər tətbiqlə bağlı və digər bizim innovasiyalarla bağlı bir təklifi və ya sual olarsa bu işimizin təkmilləşdirilməsinə xidmət etmiş edəcək.

Xəyalə Bünyatova