Oktyabrın 28-də “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA) Təlimatı: Hakimlər üçün əl kitabı”nın təqdimatı keçirilib.
E-huquq.az-ın məlumatına görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə, Vəkillər Kollegiyasının və KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə VK-nın sədri Anar Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, deputatlar, vəkillər və ekspertlər iştirak ediblər.
Əvvəlcə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirilib ki, təmsil etdiyi qurumla BMT və onun ixtisaslaşdırılmış təşkilatları, xüsusilə də İnsan Hüquqları üzrə Ali Komissarlıq arasında uzun müddətli və səmərəli əməkdaşlıq var. Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində bir sıra dərs və metodik vəsaitlər çap olunub, Regionlarda vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması ilə bağlı vətənaşlara ödənişsiz hüquqi yardımlar göstərilib. Eyni zamanda 20-dən çox vəkil BMT və onun ixtisaslaşdırılmış orqanları ilə əməkdaşlıq çərçivəsində hakimlər, vəkillər, ədliyyə və prokrorluq orqanı əməkdaşları üçün təşkil olunan təlimlərdə təlimçi kimi fəaliyyət göstərirlər.
Sədr təqdimatı keçirilən vəsaitin hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışaraq tədbirin ərsəyə gəlməsində xüsusi rolu olan BMT-nin İnsan Haqları Komissarlığının Azərbaycan Ofisinə, xüsusilə Komissarlığın milli müşaviri Kamran Bağırova, Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA-nın) təmsilçisi Deyvid Reyzenberqə, habelə təqdimatı keçirilən kitabın Azərbaycan dilində hazırlanmasında xüsusi əməyi keçmiş Vəkillər Kollegiyasının üzvləri Toğrul Quluzadə və Şahlar Məmmədova təşəkkürünü bildirib.
"Qeyd olunan kitabın bir neçə il əvvəl nəşr olunmasına baxmayaraq, hesab edirəm ki, onun ölkəmizdə məhz bu dövrdə işıq üzü görməsi xüsusilə əlamətdardır. Düzdür, ölkəmiz Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyasına 1996-cı ildə, Nyu-York Konvensiyasına 1999-cu ildə qoşulmuşdur, həmçinin təxminən eyni dövrdə “Beynəlxalq arbitraj haqqında” Qanun qəbul olunsa da, etiraf etmək lazımdır ki, qeyd olunan Arbitraja müraciət son illər daha da aktuallaşmışdır. Fikrimcə, bu aktuallaşmada ölkədə biznes mühitinin inkişafı, onun sağlamlaşdırılması mühüm rol oynayır", – deyə A.Bağırov qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın tətbiqi və təşviqinin əhəmiyyətinə toxunub, bu sahədə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib. Qeyd edib ki, arbitrajla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və təbliği məqsədilə nüfuzlu beynəlxalq arbitrların, təşkilatların və kommersiya arbitraj mərkəzlərinin nümayəndələrinin iştirakı ilə konfrans və seminarlar keçirilə bilər. O.Məmmədov bildirib ki, belə tədbirlərin təşkilinə KOBİA da öz dəstəyini göstərə bilər.
"Mübahisələrin alternativ həlli ilə bağlı KOBİA qarşısında mühüm istiqamətlər durur. Abritaj qurumları yaradılarkən müvafiq dövlət dəstəyinin gösstərilməsi, zəruri hüquqi bazanın yaradılmasını vacibdir. Abritaj bütün dünyada xarici investorlar üçün mübahisələrin həllinə üstünlük verən metoda çevrilib. Güclü abritaj qanunun olması xarici investiyanın axışı üçün böyük imkan yaradır", – deyə KOBİA sədri vurğulayıb.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da çıxışında belə bir kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. O, vəsaitin əhəmiyyətindən danışıb və nəşrin ərsəyə gəlməsində rolu olanlara təşəkkür edib.
Digər çıxış edənlər də vəsaitin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, vəsaitin adında “hakimlər üçün əl kitabçası” yazılmış olsa da, ondan arbitrlarla bərabər, arbitraj prosesinin istənilən mərhələsində, xüsusilə də arbitraj qərarlarının tanınması və icrası mərhələsində iştirak edən vəkillər üçün də faydalı olacaq.
Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib.
